Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İlkin İzzət/
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Malayziya Texniki Əməkdaşlıq Proqramı və Malayziya Korrupsiyaya Qarşı Mübarizə Akademiyası tərəfindən "Korrupsiyaya qarşı mübarizə Proqramının Strateji İdarəetməsi üzrə Sertifikat" mövzusunda tədbir keçirilib.
Çin, Pakistan, Özbəkistan, Tacikistan, Şri-Lanka və digər dövlətlərin nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru İsfəndiyar Hacıyev təmsil edib.
İ.Hacıyev tədbirdə çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində kompleks, sistemli və ardıcıl islahatların həyata keçirildiyini, bu sahədə respublikamızın bir çox beynəlxalq təşkilatlar, ixtisaslaşmış qurumlarla ikitərəfli və çoxtərəfli müqavilələr əsasında qarşılıqlı və səmərəli əməkdaşlıq etdiyini, eyni zamanda "ASAN" xidmət mərkəzlərinin fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Tədbirin yekununda İ.Hacıyevə sertifikat təqdim edilib.