Azərbaycan, Bakı, 30 avqust /Trend/
Statistikaya əsasən, bütün dünyada ürək-damar sistemi xəstəlikləri ölüm səbəbləri arasında birinci yeri tutur.
Trend xəbər verir ki, ürək-damar sistemi xəstəlikləri getdikcə cavanlaşır və əvvəllər əksər hallarda 50-60 yaşlarda inkişaf edən xəstəliklər, indi 30-40 yaşlı insanlarda inkişaf edir və çox ağır problemlərə səbəb olur.
Ürəyinizin sağlam olub-olmadığını yoxlamaq istəyirsinizsə, aşağıda göstərilən suallara cavab verin. Əgər sualların əksər hissəsinə "hə" cavabı vermisinizsə, bu sizdə ürək fəaliyyətinin pozulmasından xəbər verə bilər. Vaxt itirmədən kardioloqun müayinəsindən keçin.
1. Ürək nahiyəsində ağrı və xoşagəlməz hisslər (sıxılma, arabir sancma ) sizi vaxtaşırı olaraq (xüsusilə fiziki aktivlik, həyəcan zamanı) narahat edirmi?
2. Orta templə dayanmayaraq yaşadığınız binanın 3-cü-4-cü mərtəbəsinə qalxın. Siz dayanmağa və dincəlməyə məcbur oldunuzmu, sizdə təngnəfəslik əmələ gəldimi?
3. Belə hal sizə tanışdırmı - ürəyiniz gah tez-tez döyünür, çırpınır, gah da sanki dayanır?
4. Qollarda, döş nahiyəsində, aşağı çənədə bəzən keyimə hiss edirsinizmi?
5. Əllərinizdə və ayaqlarınızda şişkinlik olurmu?
(saglamolun.az)