...

Lənkəranda mina təhlükəsi davam edir

Cəmiyyət Materials 3 Sentyabr 2015 12:15 (UTC +04:00)
Ötən ay Azərbaycanda zərərsizləşdirilən 13 tank əleyhinə minaların hamısı Lənkəranda aşkar edilib.
Lənkəranda mina təhlükəsi davam edir

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İlkin İzzət/

Ötən ay Azərbaycanda zərərsizləşdirilən 13 tank əleyhinə minaların hamısı Lənkəranda aşkar edilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, bütün minalar Lənkəranın dənizsahili ərazilərində tapılıb.

Xatırladaq ki, axtarışların aparıldığı ərazidə vaxtilə SSRİ-nin tank alayı yerləşib. Ötən əsrin əvvəllərində Sovet hərbçiləri Lənkəranı tərk edərkən alaya məxsus xeyli sayda silah-sursat ataraq gediblər. Daha sonra Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində hərbi hissənin yerləşdiyi ərazinin bir hissəsi, o cümlədən, 2 hərbi sursat anbarı suyun altında qalıb.

ANAMA-dan bildiriblər ki, hazırda xüsusi əməliyyat qrupu Lənkəranın dənizsahili ərazilərinin minalardan təmizlənməsi tədbirlərini davam etdirir.

Ötən ay aşkar edilmiş PHS-lərin çoxu isə NATO ilə əməkdaşlıq çərçivəsində "Ceyrançöl təmizləmə Layihəsi" üzrə aparılan təmizləmə əməliyyatları zamanı tapılıb.

Xatırladaq ki, Azərbaycanın Gürcüstanla dövlət sərhəddinin yaxınlığında yerləşən Ceyrançöl sahəsində vaxtilə Sovet ordusuna məxsus hərbi poliqon yerləşib.

Qeyd edək ki, bu ilin avqust ayı ərzində ANAMA tərəindən 4 831 054 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib, 269 ədəd Partlamamış Hərbi Sursat (PHS) və 13 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti