...

Azərbaycanda daha iki portalın təqdimatı olub

Cəmiyyət Materials 14 Sentyabr 2015 14:51 (UTC +04:00)
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) əhalinin maarifləndirilməsi sahəsində növbəti innovativ layihənin təqdimatı keçirilib.
Azərbaycanda daha iki portalın təqdimatı olub

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir Elmir Murad/

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) əhalinin maarifləndirilməsi sahəsində növbəti innovativ layihənin təqdimatı keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, təqdimatda 2014-cü ildə İSİM tərəfindən yaradılmış www.saglamliq.isim.az portalı çərçivəsində iki əlavə maarifləndirici portalın - BMT-nin Əhali Fondu (UNFPA) ilə əməkdaşlıqda yaradılmış "Reproduktiv Sağlamlıq Portalı" və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə qurulmuş "Qeyri-infeksion xəstəliklərə dair Məlumat Portal"ı barədə məlumat verilib. Tədbirdə portalların yaradıcıları olan İSİM-in layihə komandası, BMT-nin Əhali Fondunun (UNFPA) əməkdaşları, KİV nümayəndələri iştirak ediblər.

Təqdimatın keçirilməsində əsas məqsəd əhalinin sağlamlığın qorunması, xəstəliklərin profilaktikası və risk faktorlarına daxil olub-olmadığını vaxtında bilmək üçün hər bir kəsin məlumatlı olmağımız vacibdir. Bu sahədə innovativ texnologiyaların tətbiqi isə əhalinin tibbi maarifləndirilməsinə daha kompleks yanaşmağa imkan yaradır. Bunu nəzərə alan İSİM BMT-nin Əhali Fondu və Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində sağlamlıqla bağlı iki məlumat portalının yaradılmasına nail olunub.

Tədbirdə bildirildi ki, müxtəlif xəstəliklər səbəbindən ölüm və xəstələnmə hallarının profilaktikası məqsədi ilə əhali, xüsusilə gənclər arasında maarifləndirmənin aparılması məqsədi ilə "Qeyri-infeksion xəstəliklərə (QİX) dair Məlumat Portalı"nın yaradılıb.

Qeyd edilib ki, burada sübutlu təbabət əsasında şəkərli diabet, yüksək qan təzyiqi, artıq çəki və piylənmə, sağlam qidalanmanın əsasları, tütünçəkmə, spirtli içkilərdən sui-istifadə, fiziki aktivlik, ağciyərlərin xronik xəstəlikləri və astmanın profilaktikası barədə ətraflı məlumat və tövsiyələr, habelə iş yeri ilə bağlı stress və onun idarə olunması, uşaqlar və böyüklərdə onkoloji xəstəliklərin erkən aşkarlanması və profilaktikasına dair digər faydalı məlumatlar yer alıb. Bununla yanaşı, istənilən şəxs portalda yaradılmış "Mənim Sağlamlığım" bölməsinə daxil olaraq, ümumi sağlamlıq vəziyyətini qiymətləndirməklə sağlamlıq üçün risk faktorlarını müəyyənləşdirə və onların aradan qaldırılması, profilaktikası üçün dəyərli məsləhətlər əldə edə biləcəkdir.

"Reproduktiv Sağlamlıq Portalı"nın əsas məqsədi ana və uşaq ölümünün azaldılması, təhlükəsiz doğuşların aparılması, mamalıq ağırlaşmalarının profilaktikası, yenidoğulmuşlara keyfiyyətli tibbi qayğının göstərilməsinin təmin edilməsidir. Burada sübutlu təbabətin ən son məlumatları əsasında geniş əhalinin asan başa düşə biləcəyi dildə fizioloji hamiləlik və doğuş, hamiləlik dövrünün infeksiyaları və onların müalicəsi, yenidoğulmuşlara qayğı, hamiləlik dövründə şəkərli diabet, yüksək qan təzyiqi və çəki artımı, doğuş zamanı və doğuşdan sonra baş verən qanaxmalar və onların profilaktikası, habelə kişi və qadınlar, uşaq və yeniyetmələr üçün reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair məlumatlar yerləşdirilib. Bununla yanaşı, istənilən qadın portalda yaradılmış "Mənim Reproduktiv Sağlamlığım" bölməsinə daxil olaraq, reproduktiv sağlamlıq vəziyyətini qiymətləndirə bilər. Həmin qiymətləndirmə sayəsində istənilən qadın sağlam hamiləlik və doğuş üçün risk faktorlarını müəyyən etmək və onların aradan qaldırılması üçün dəyərli məsləhətlər əldə edə biləcək."

Portallarda yerləşdirilən məlumatlar tibb elminin ən son tövsiyələrinə əsaslanır və onların hazırlanmasında UNİCEF, UNFPA, ÜST, ABŞ-ın CDC, Böyük Britaniyanın NHS və NİCE təşkilatları və digər nüfuzlu beynəlxalq təşkilatların əhali üçün nəzərdə tutulmuş informasiya və təlim materiallarından istifadə edilir.

Portallar barədə ətraflı məlumatı www.saglamliq.isim.az elektron sağlamlıq portalından əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti