...

Bakının avtobus dayanacaqlarında yeni məlumatverici nişanlanma xətləri (FOTO / VİDEO)

Cəmiyyət Materials 15 Sentyabr 2015 15:31 (UTC +04:00)
Bakının avtobus dayanacaqlarında yeni məlumatverici nişanlanma xətləri çəkilir.
Bakının avtobus dayanacaqlarında yeni məlumatverici nişanlanma xətləri (FOTO / VİDEO)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakının avtobus dayanacaqlarında yeni məlumatverici nişanlanma xətləri çəkilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, avtomobil yollarında həm nəqliyyat vasitələrinin, həm də piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə bir müddətdir ki, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən kompleks tədbirlər həyata keçirilir. Bakı şəhərində nəqliyyatın hərəkətinin normallaşdırılması üzrə əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 2015-ci il 30 iyun tarixli, 1 nömrəli protokoluna əsasən, küçə və prospektlərdə avtobus dayanacaqlarının önündə, yolun hərəkət hissəsi ilə səki arasında xüsusi nişanlanma xətlərinin çəkilişi davam etdirilir.

Sarı rəngli ziq-zaq məlumatverici üfüqi nişanlanma xətləri artıq şəhərin 33 küçə və prospektində çəkilib. İndiyə qədər 170 avtobus dayanacağı bu cür məlumatverici nişanlanma xətti ilə təchiz olunub. Nişanlanma xətlərinin önündə, dayanacağa giriş hissədə asfalt üzərinə ingiliscə "BUS" sözü də yazılır.

Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə də Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən işlər davam etdirilir. Zəruri olan yerlərdə yeni piyada zolaqları çəkilir, mövcud və rəngi solmuş zolaqlar isə yenidən rənglənir. Bu çərçivədə Nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altında xeyli iş görülüb. Yeni tədris ilinin başlaması ilə əlaqədar, xüsusi olaraq məktəblərin yerləşdiyi 91 küçə və prospektdə aparılan işlər nəticəsində 157 yerdə zebra tipli üfüqi nişanlama xətləri çəkilib. Hazırda digər küçə və prospektlərdə bu işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti