...

FHN-nin Akademiyasının hərbi kursantları and içdilər (FOTO)

Cəmiyyət Materials 23 Sentyabr 2015 15:53 (UTC +04:00)
Azərbaycan Respublikasının Dövlət Bayrağı Meydanında 23 sentyabr 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyi (FHN) Akademiyasının ilkin hərbi hazırlığı başa vurmuş birinci kurs kursantlarının andiçmə mərasimi keçirilib.
FHN-nin Akademiyasının hərbi kursantları and içdilər (FOTO)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikasının Dövlət Bayrağı Meydanında 23 sentyabr 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyi (FHN) Akademiyasının ilkin hərbi hazırlığı başa vurmuş birinci kurs kursantlarının andiçmə mərasimi keçirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, mərasimdən əvvəl Akademiyanın rəhbərliyi, müəllim və kursant heyəti Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

FHN Akademiyasının rəisi general-mayor Pənah Süleymanov mərasimi açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səslənmiş, Dövlət bayrağı meydana gətirilib. Sonra kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içiblər.

Mərasimdə iştirak edən fövqəladə hallar nazirinin müavinləri tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev kursantları təbrik etmiş və onlara təhsillərində uğurlar arzulayıblar. Qeyd olunub ki, hərbi and içərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarına daxil olan kursantlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrinə hər an hazır olmalı, əcdadlarımızdan bizə əmanət qalmış Vətənimizi və bayrağımızı göz-bəbəkləri kimi qorumalıdırlar. FHN-in gələcək əməkdaşları olacaq Akademiya kursantları dərk etməlidirlər ki, onlara insanların təhlükəsizliyini təmin etmək kimi müqəddəs və şərəfli bir missiya həvalə olunacaq və bu böyük vəzifənin öhdəsindən layiqincə gəlmələri üçün Akademiyada təhsil aldıqları müddətdə nəzəri və praktiki biliklərə mükəmməl yiyələnməli, daim savadlarını artırmalıdırlar.

Kursantları andiçmə mərasimi münasibətilə təbrik edən Akademiyanın rəisi general-mayor Pənah Süleymanov Azərbaycan Respublikasının Dövlət bayrağının önündə and içmiş kursantların Vətənə və xalqa sədaqətlə xidmət edəcəyinə əmin olduğunu bildirib. O, qeyd etmişdir ki, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yürüdülən uğurlu gənclər siyasəti nəticəsində hərtərəfli bilik və bacarığa malik böyük gənclər ordusu yetişib: "Cənab Prezidentin həyata keçirdiyi islahatlar sırasında təhsilin inkişafına da xüsusi diqqət yetirilir, əsaslı tədbirlər həyata keçirilir. Məhz gəncliyə və təhsilə göstərilən bu böyük diqqət və qayğının nəticəsidir ki, bu gün FHN Akademiyası kursantlar qəbul edərək ölkə üçün layiqli kadrlar yetişdirir".

Valideynlər adından çıxış edən Elşən Hüseynbəyli kursantları təbrik edib, onlara uğurlar arzulayıb.

Mərasim kursantların təntənəli marş keçidi ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti