...

Medianın şəffaf otağına aparan yol

Cəmiyyət Materials 29 Sentyabr 2015 13:40 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri, fəlsəfə doktoru Xatirə Hüseynova
Medianın şəffaf otağına aparan yol

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri, fəlsəfə doktoru Xatirə Hüseynova

Dördüncü hakimiyyət sayılan ictimai institut - kütləvi infоrmasiya vasitələri cəmiyyətdə хəbərləmə funksiyasını yеrinə yеtirməklə yanaşı, bir növ nəzarətçi, nizamlayıcı, tоplumun rəy və qərarlarına təsir gücünə malik bir mövqеdədir. Cəmiyyətdə ictimai fikrin formalaşmasında, kütlələrin məlumatlandırılmasında və bilgiləndirilməsində medianın rolu danılmazdır.

1875-1877-ci illərdə Həsən bəy Zərdabinin redaktoru olduğu "Əkinçi" qəzeti ilə Azərbaycanda milli mətbuatın özülü qoyuldu. Ölkədə milli təfəkkürün və ictimai fikrin formalaşmasında önəmli rol oynayan demokratik dəyərlər üzərində təşəkkül tapan milli mətbuat bu gün də mütərəqqi ənənələrini qoruyub saxlayır, inkişaf etdirir.

"Yaşadığımız infоrmasiya əsrində cəmiyyətin aktual prоblеmlərinin ictimailəşməsində, əhalinin müхtəlif təbəqələri arasında ictimai münasibətlərin tənzimlənməsində, sivil dünyaya intеqrasiya prоsеsində özünəməхsus yеri оlan kütləvi infоrmasiya vasitələrini" Ümummilli lidеr Hеydər Əliyеv cəmiyyətin ən önəmli faktоrları sırasına qоyur: "Hər bir ölkədə dеmоkratiyanın səviyyəsinin göstəricisi kimi, azad mətbuatın əsas vəzifəsi siyasi plüralizmi, söz və fikir azadlığını daha da dərinləşdirməkdən, vətəndaşların infоrmasiya еhtiyaclarını ödəməkdən ibarətdir. Lakin bununla yanaşı, mətbuat cəmiyyətdəki mövcud çatışmazlıqları da güzgü kimi əks еtdirməyi bacarmalı, müstəqil, dеmоkratik dövlət quruculuğu prоsеsinin fəal iştirakçısına çеvrilməli, həqiqət carçısı, insanları yüksək idеallara, humanist əməllərə səsləyən və səfərbər еdən vasitə оlmalıdır".

Prezident İlham Əliyev Azərbaycan mətbuatının cəmiyyətdə rolunu yüksək qiymətləndirir: "Azad mətbuatın artıq formalaşması və uğurla fəaliyyət göstərməsi demokratiyanın əsas əlamətlərindən biridir. Azərbaycanda bütün başqa azadlıqlar da - söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı təmin olunur. Azərbaycanda yüzlərlə qəzet, jurnal, 50-dən çox televiziya və radio kanalı fəaliyyət göstərir. Heç bir məhdudiyyət yoxdur və bu, bizim böyük sərvətimizdir".

Bu gün Azərbaycan mediası inkişaf edir və bu inkişafın fonunda jurnalist kadrların yetişdirilməsi də cəmiyyətin qarşısında duran vacib məsələlərdəndir. Azərbaycanda jurnalistikanın gələcək inkişafı birbaşa bu ixtisas üzrə kadr hazırlığı ilə bağlıdır. Hələ sovet dönəmində ali jurnalistika təhsili almaq istəyənlər qabiliyyət imtahanından keçməli idilər. Sonralar test üsulu ilə qəbul qaydalarının tətbiq edilməsi jurnalist olmaq istəyən abituriyentlərin işini bir qədər yüngülləşdirdi. Amma məlum oldu ki, qabiliyyət imtahanı vermədən jurnalistika fakültələrinə daxil olan abituriyentlərin bir qismi bu sahədə çalışmaq istəməyənlər, təsadüfi ixtisas seçimi nəticəsində jurnalistika fakültəsinə düşənlərdir. Bu səbəbdən də artıq iki ildir ki, ölkəmizdə ali təhsil müəssisələrinin jurnalistika fakültələrinə qəbul qaydalarına dəyişiklik edilib və testdən müəyyən gərəkli balı toplayan abituriyent yalnız qabiliyyət imtahanından keçdikdən sonra ixtisas seçimində jurnalistikanı qeyd edə bilər.

Bu il ali məktəblərdə jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı vermiş 341 abituriyentdən 178-i imtahana gəlməyib. İmtahanda iştirak etmiş 163 abituriyentdən isə yalnız 57 nəfəri məqbul qiymət alaraq ixtisas seçiminə buraxılıb. Ötən il jurnalistikaya sənəd vermiş 441 abituriyentdən 315-i imtahana gəlməmişdi. İmtahanda iştirak etmiş 126 nəfərdən yalnız 51 abituriyent ali məktəbə daxil olmuşdu. Göründüyü kimi, ötən ilə nisbətən elə də ciddi dəyişiklik qeydə alınmadı.

Abituriyentlərin esse yazmaqla bağlı ciddi problemlərinin olduğu üzə çıxdı. Əlbəttə, məktəblilər aşağı siniflərdən esse yazmaq vərdişlərinə yiyələnirlər. Amma iki illik təcrübə göstərir ki, abituriyentlərin heç də hamısı fikirlərini dolğun və əhatəli ifadə edə bilmirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yarandığı vaxtdan maarifləndirmə sahəsində bir-birindən maraqlı və gərəkli layihələrə imza atıb. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsünə əsasən, əhalinin elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərinin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədi ilə artıq bir çox layihələr həyata keçirilib. Belə layihələrdən biri də Fondun "İlboyu bilik" proqramı çərçivəsində ölkədə keyfiyyətli jurnalist kadrların yetişdirilməsinə, gənclərin bu ixtisasa olan marağının cilalanmasına yönələn "Yazmağı bacaracaqsan" layihəsidir. Bilik Fondu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dəstəyi ilə həyata keçirdiyi bu layihə çərçivəsində Azərbaycanın bütün bölgələrində jurnalist olmaq istəyən yuxarı sinif şagirdləri və abituriyentlər üçün ödənişsiz kurslar təşkil edir. Kurslarda tanınmış jurnalistlər, filoloqlar, alimlər abituriyentlərə jurnalistika ixtisası haqqında məlumat verir, esse yazmağın qaydalarını öyrədirlər.

Layihədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Mətbuat Şurasının nümayəndələri də iştirak edirlər. Yaxın illərdə layihə iştirakçısı olan abituriyentlərin daha yaxşı nəticələr göstərəcəklərinə və "Yazmağı bacaracaqsan" layihəsinin özünü doğruldacağına, bununla da jurnalistika təhsili sahəsində bir irəliləyiş yaradacağına inam yüksəkdir.

Media cəmiyyətin güzgüsüdür. Bu güzgünü şəffaf və ləkəsiz saxlayan yüksək ixtisaslı jurnalist ordusunun yetişdirilməsi sahəsində peşəkarların dəstəyinə hər zaman gərək var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti