Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir Elmir Murad/
Qışda bölgələrdə evlərin istiliklə təmin edilməsi ilə bağlı problem olmayacaq. Bunu Trend-ə açıqlamasında "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.
Onun sözlərinə görə, qurum əsas diqqəti təhsil və səhiyyə müəssisələrinə yönəldib.
Rayonlarda "Azəristiliktəchizat" ASC-nin yerli idarələrinin olduğunu qeyd edən İ.Mirzəliyev vurğulayıb ki, hazırda yeni qazanxanalar tikilir: "Qazanxanaların tikintisi mütəmadi şəkildə həyata keçirilir. Düzdür, tikinti biz istəyən səviyyədə deyil. Biz hər il daha çox qazanxana tikmək istərdik. Amma təbii ki, hər şey imkanlardan asılıdır. İlk növbədə, təhsil və səhiyyə müəssisələrinin istiliklə təmin edilməsinə çalışırıq".
Sədr müavini bölgələrlə yanaşı, Sumqayıtdakı mənzillərin də istiliklə təminatı məsələsinə toxunub: "Sumqayıtda 200-ə yaxın mənzil və sosial obyekt istiliklə təchiz olunub. Biz bu işə aprel ayından başlamışıq. Artıq çox işləri görüb bitirmişik. Ona görə də düşünürəm ki, Sumqayıt əhalisinin istiliklə bağlı hər hansı bir problemi olmayacaq".