Yunus Oğuz
"Azərbaycanın geosiyasəti"
Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr
Digər bir tərəfdən Xəzər dənizini də imperiyanın başbilənləri iç dənizə çevirmək uğrunda mücadilə, mübarizə və müharibələr aparır, maliyyə, əsgəri itkilər onları bu yoldan çəkindirmirdi. Hətta IV İvan Qroznı XVI əsrin ikinci yarısında Həştərxanı işğal edəndə Osmanlı imperiyası Azov dənizindən Xəzər dənizinə bu şəhəri azad etmək üçün kanal çəkməyə başlamış və təəssüflər olsun ki, yeniçərilərin narazılığından sonra bu iş yarımçıq qalmışdı. Odur ki, müasir dövrdə tarixdən sızıb gələn qan yaddaşı Türkiyəni bu bölgədə ingilisdən, rusdan fərqli olaraq doğma edir. Təsadüfi deyil ki, Qafqazdan keçən və ən mühüm strateji əhəmiyyəti özündə daşıyan layihələr (İpək yolu, Bakı-Supsa, Bakı-Ceyhan, Bakı-Tiflis-Qars, TAP, TANAP və s.) Türkiyə üzərindən keçir və bu ölkə Rusiya, İranla geosiyasi, geostrateji mübarizədə qalib gələrək öz mövqelərini bölgədə daha da gücləndirdi.
Bu barədə hörmətli professor Əli Həsənov yazır: " Üçüncü minilliyin başlanğıcından NATO-nun "Şərqə doğru genişlənmə" siyasəti fonunda Türkiyə ABŞ-ın dəstəyi ilə Qafqazın, Orta Asiya və Xəzər hövzəsinin ən təsirli hərbi geostrateji oyunçularından biri rolunu oynamağa başlayır. SSRİ-nin süqutundan sonra bu ölkə, ümumiyyətlə həm müstəqil şəkildə, həm də üzvü olduğu NATO hərbi blokunun strategiyası çərçivəsində Xəzər-Qara dəniz hövzəsinin, xüsusən, Cənubi Qafqazın regional geosiyasi münasibətlər sistemində öz mövqelərini gücləndirməyə başlayır. Bu istiqamətdə rəsmi Ankaranın fəaliyyətində həm beynəlxalq strateji maraqlar (NATO blokunun ümumi strateji maraqları), həm öz milli mənafeləri, həm regional-etnik (Qafqazda yaşayan türkdilli xalqların dəstəyini qazanmaq, onlara lazımi himayə göstərmək) , həm də dini amillər (Qafqazın müsəlman əhalisinin İranın təsirinə düşməməsinin qarşısını almaq) özünü qabarıq şəkildə büruzə vermişdir..."(Bax. s. 325)
Qeyd etmək lazımdır ki, son onildə, xüsusən də Ədalət və İnkişaf Partiyası təkbaşına hakimiyyətə yiyələndikdən sonra Türkiyə NATO-nun və ABŞ-ın geosiyasi, geoiqtisadi, geostrateji maraqlarından və mənafelərindən imtina etmədən özünün mənafelərini daha çox qabartmaq siyasətini sərgiləyir. Belə ki, bu ölkə ABŞ və NATO-nun, xüsusən də ABŞ-ın Avrasiyada yürütməyə çalışdığı "Böyük Yaxın Şərq" siyasətinə qarşı çıxır, eyni zamanda onun İraq siyasətinə, Rusiyanın Gürcüstan müharibəsinə, Qərb-İran qarşıdurmasına, bu ölkəyə embarqo qoyulmasına (Türkiyə İrana qoyulan embarqoya məhəl qoymamış, əksinə ildən-ilə İranla ticari dövriyyəsini getdikcə daha da artırmış bir çox strateji məsələlərdə onunla əməkdaşlıq edib və etməkdədi.), Misir, Tunis, Liviya hadisələrinə, İsrail-Fələstin, Azərbaycan-Ermənistan münaqişələrinə fərqli yanaşır. Buna görə də, bəzi analitiklər belə hesab edirlər ki, Türkiyə bölgədə NATO-dan və ABŞ-dan fərqli olaraq öz milli maraqlarını qorumaq naminə müstəqil siyasət yürüdür. Bu da bəzən Qərb maraq və mənafelərinə söykənmir. Bu baxımdan Türkiyənin təşəbbüsü ilə 1992-ci ildə təsis olunan və etnik birliyə söykənən "Türkdilli dövlətlər birliyi" adlı qurumun yaradılması səciyyəvidir. Hətta, bu birlik çərçivəsində region ölkələrinə 1.5 milyard ABŞ dolları həcmində kredit ayırması, bu ölkələrə sərmayə yönəltməsi mütəxəssislərin diqqətindən yayınmır və yuxarıda qeyd etdiyimiz "müstəqil siyasət yürütmək" fikrini bir daha təsdiq edir.
***
Qeyd etməliyik ki, ABŞ-ın, eləcə də üzv olduğu NATO-nun Türkiyəyə münasibəti heç zaman birmənalı olmayıb. Bunun da tarixi səbəbləri mövcuddur. Belə ki, Türkiyənin xələfi sayılan Osmanlı İmperiyasının ardıcıl olaraq Qərbə yürüş etməsini (Türkiyə təkcə Qərbə yürüş etməyib, eyni zamanda Şərqə, Cənuba, Şimala da hərbi yürüşləri olub), Avropanın Şərq torpaqlarının ilhaqını, hətta Vyana qapısının önündə dayanmasını, o zaman dünya geosiyasətində aparıcı rol oynamasını Avropa dövlətləri hələ unutmayıb. Bura xristian və islam qarşıdurmasını əlavə etsək, mənzərə daha da aydınlaşar və ABŞ-ın və Qərb dövlətlərinin Türkiyənin regional oyunçudan planetar oyunçuya çevrilməsinin səbəbləri daha da qabarıq məlum olar. Planetar oyunçular Türkiyənin bölgədə oynadığı rolunu nəzərə alaraq, yalnız bölgədə liderliyi ilə kifayətlənməsini istəyirlər. Əli Həsənov qeyd edir ki, müasir dövrdə Türkiyənin bölgədə və dünyada reallaşdırmağa çalışdığı, geosiyasi ədəbiyyatda bəzi dairələr tərəfindən "yeni osmanlı siyasəti" kimi dəyərləndirilən "fəal regional liderlik" diplomatiyası ilə bağlıdır. Xüsusən, Türkiyənin son illərdə iqtisadiyyat cəhətdən həddən artıq güclənməsi və yürütdüyü "regional lider" siyasəti, Qərbin razılığını almadan Rusiya ilə sərbəst tərəfdaşlıq münasibətləri yaratması, İsrail-Fələstin münaqişəsində sərgilədiyi "Fələstinə tam dəstək siyasəti", "Dünyanın ərköyün balası" hesab etdiyi İsrailə qarşı çıxması (Bura əlavə etmək olar ABŞ-ın və NATO-nun İraqa qarşı hərbi əməliyyatlar başlayanda onlara dəstək verməsi və bu hərbi əməliyyatlara qoşulmaması, yaxud Misirdə baş verən inqilabdan, Hüsnü Mübarək devriləndən sonra Qərbin istəklərinə və maraqlarına zidd olaraq "müsəlman qardaşlarına dəstək verməsi) və s. dünya yəhudi diasporunun mövqelərinin güclü olduğu əksər ölkələrdə ciddi anti-türk kompaniyasına rəvac vermişdi.
Türkiyə Respublikasının geosiyasi maraqlarını nəzərə alaraq deyə bilərik ki, onun qonşu dövlətlərlə münasibəti birmənalı deyil. Belə ki, Türkiyə Bolqarıstandan 3 milyon qaçqına sığınacaq verməsini (bu gün müəyyən mənada Bolqarıstanda münasibətlər nisbətən yumşalsa belə) hələ yaddan çıxartmayıb, Kiprin türklər yaşayan ərazidə münasibət səbəbindən Yunanıstanla tarixi qarşıdurması (nəzərə alaq ki, Yunanıstan bir neçə əsr Osmanlı imperiyasının işğalı altında olub, bu gün də bu ölkənin Türkiyəyə torpaq iddiaları var), İraqın şimalında və yunan kiprin PKK-çı silahlı qüvvələrini dəstəkləməsi səbəbindən İraqla münasibəti, Suriya ilə diktator rejiminin devrilməsində və bu ölkənin müxalifətə dəstək verməsi, İranla münasibətdə ideoloji və regional maraq çərçivəsində liderlik uğrunda mübarizə aparması, Ermənistanla Azərbaycanın Qarabağ bölgəsinin bu ölkə tərəfindən ilhaq edilməsi, eyni zamanda Ermənistanın Türkiyənin şərqində altı rayon iddiası onun qonşularla münasibətlərində gərginlikdən xəbər verir. Yalnız, Türkiyənin Azərbaycanla qonşuluq, əməkdaşlıq, tərəfdaşlıq siyasətində "bir millət, iki dövlət" tezisini əsas tutaraq, eyni zamanda Azərbaycanın bütün strateji layihələrinin Türkiyədən keçməsi, həm də iki dövlət arasında ümumi geosiyasi maraqları və strateji əməkdaşlıq səbəbindən gərginlik yaşanmır. Əksinə bu iki dövlət arasında münasibətlər yüksələn xətlə inkişaf edir.
Lakin mütəxəssislər hesab edir ki, hansı siyasət yürütməsindən asılı olmayaraq, Türkiyənin dünyanın ən mühüm geosiyasi məkanda yerləşməsi, transmilli geoiqtisadi və hərbi-geostrateji dəhlizlərə, dəniz yollarına nəzarət etməsi, bəzi məsələlər üzrə Rusiyanın Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı təsirini zəiflətməsi, son zamanlara qədər İranın radikal fundamentalizminin qarşısında "milli və dini sipər rolunu oynaması və onun Qərb üçün bundan sonra da əvəzsiz müttəfiq kimi qalmasını şərtləndirir.
Əli Həsənov ABŞ politoloqu Zbiqnev Bjezinskiyə istinadən yazır ki: "Türkiyə Rusiyanın Cənub sərhədlərində Almaniyanın ABŞ üçün vaxtilə Orta və Şərqi Avropada oynadığı geosiyasi rolu oynayır". Z. Bjezinski Türkiyənin regionda önəmini qısa olaraq aşağıdakı amillərlə əsaslandırır:
• Türkiyə Qara dəniz regionunda vəziyyətin sabit qalmasında mühüm rol oynayır;
• Aralıq dənizindən Qara dənizə keçidləri nəzarətdə saxlayır;
• Rusiyanın Qafqazdakı mövqelərinin güclənməsinə imkan vermir;
• İslam fundamentalizminə qarşı sipər rolunu oynayır;
• NATO-nun cənubdakı dayağıdır və s." (Bax. s. 230-231)
Ardı var