...

Bölgələrdə qızların təhsildən erkən ayrılması əleyhinə kampaniya keçirilib (FOTO)

Cəmiyyət Materials 15 Oktyabr 2015 12:22 (UTC +04:00)
Quba, Xaçmaz və Masallıda qızların təhsildən erkən ayrılması əleyhinə kampaniya keçirilib.
Bölgələrdə qızların təhsildən erkən ayrılması əleyhinə kampaniya keçirilib (FOTO)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Quba, Xaçmaz və Masallıda qızların təhsildən erkən ayrılması əleyhinə kampaniya keçirilib.

Quba, Xaçmaz və Masallı rayonlarında qız uşaqlarının təhsildən erkən ayrılmasının qarşısının alınmasına dair maarifləndirmə kampaniyası keçirilib.

Kampaniya "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin (QLUİB) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "İşıqlı gələcək üçün oxu: Qız uşaqlarının təhsildən erkən ayrılmasının qarşısının alınmasına dair maarifləndirmə kampaniyasının və ictimai müzakirələrin təşkili" layihəsi çərçivəsində reallaşıb.

Qubanın Qımılqışlaq bələdiyyəsində, Xaçmazın Turizm və İnformasiya Mərkəzində, Masallı şəhər 3 saylı orta məktəbdə keçirilən kampaniyaya adıçəkilən rayonların əksər kəndlərindən nümayəndələr qatılıblar.

QLUİB-in sədri, layihənin koordinatoru Ülkər Abdullayeva son dövrlərdə respublikamızda qız uşaqlarının təhsildən erkən ayrılması hallarının artdığını, bunun erkən yaşda nikaha girmə sayının da artmasına təsir göstərdiyini bildirib. Layihə çərçivəsində keçirilən sorğuların nəticələrinə əsasən, adıçəkilən rayonlarda və Bakı kəndlərində son dövrlərdə bu problemin genişlənməkdə olduğunu deyib. Layihənin məqsədləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. Qız uşaqları üçün təhsilin vacib tərəflərini izah edib, bu sahədə hüquqları, yerli qanunvericiliyin, Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərin tələblərini iştirakçıların diqqətinə çatdırıb.

Sözügedən hər üç rayonun məsul şəxsləri tərəfindən qızların təhsildən erkən ayrılması probleminin son illərdə artdığı, icra hakimiyyətləri, təhsil şöbələri və məktəb rəhbərliyi tərəfindən bunun qarşısının alınması üçün müvafiq işlərin görüldüyü bildirilib. Lakin qeyd olunub ki, sözügedən problemin qarşısının alınması üçün respublika ictimaiyyəti həyəcan təbili çalmalı, ciddi maarifləndirmə kampaniyaları keçirilməli, uşaqların təhsil hüquqlarını məhdudlaşdıran amillər aradan qaldırılmalı, valideynlərlə fərdi və qruplar şəklində görüşlər keçirilməli, onlara qız uşaqlarının təhsildən erkən ayrılmasının doğuracağı fəsadlar, qanunvericiliyin tələbləri izah edilməlidir. Eyni zamanda problemin qarşısının alınması üçün müvafiq qanunvericiliyin tələbləri yerinə yetirilməli, qızların icbari təhsildən erkən ayrılmasının qarşısı bütün mümkün vasitələrlə alınmalıdır.

Maarifləndirmə kampaniyasında Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova, Quba Rayon İcra Hakimiyyətinin İcitimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Yəhyayeva, DİP-in qadın və gənclərlə iş üzrə proqram direktoru Nərmin Şamilova, gənc rejissor Xəzər Həmzə və digər şəxslər yaxından iştirak ediblər.

--

Məqalədə:
Xəbər lenti

Xəbər lenti