Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda turizm sahəsi üzrə yeni iş yerlərinin yaradılması imkanları var.
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası sədrinin müavini Müzəffər Ağakərimov deyib.
M.Ağakərimov deyib ki, Azərbaycanda qısa bir zamanda sahibkarlara güzəştli şərtlərlə hostellərin, "iki", "üç" ulduzlu hotellərin tikilnti işlərinə başlanılsa, bu, turizm sahəsində yeni iş yerlərinin yaranmasına imkan yaradacaq: "Əgər güzəştli şərtlərlə hostellər və "iki", "üç" ulduzlu hotellər tikilərsə, Azərbaycan Turizm və Menecment Universiteti tələbələri, eləcə də digər təhsil ocaqlarının turizm ixtisası üzrə təhsil alan tələbələri işlə təmin olunacaq.
Ölkədə turizm sahəsi üzrə hazırlanan kadrların sayının getdikcə artdığını deyən M.Ağakərimov əlavə edib ki, turizm sektorunda iş yerlərinin yaradılması halları getdikcə artır: "Bir necə il əvvəl turizm şirkətlərinin sayı 200-ə çatmırdı. Indi isə bu say 300-ü ötüb. Hotellərin də sayında kifayət qədər artım var. Amma biz bu sahədə iş yerlərinin sayını daha da artıra bilərik".
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zaman İlham Əliyev iş yerlərinin yaradılması prosesinin daim aparılmasının zəruriliyini bildirib: "Bu il 87 min yeni iş yeri yaradılmışdır ki, onlardan 67 mini daimi iş yeridir. Bu da gözəl göstəricidir. İş yerlərinin yaradılması prosesi daim aparılmalıdır. Mən bunu dəfələrlə demişəm və biz iqtisadi inkişaf modelimizi buna uyğun şəkildə qurmalıyıq. Çünki Azərbaycanda iqtisadi inkişaf, sabitlik, xalqın rifahının artması nəticəsində çox müsbət demoqrafik vəziyyət yaranmışdır. Hər il yüz mindən çox insan doğulur və belə olan halda əlbəttə ki, gələcəkdə biz yeni iş yerlərinin yaradılması üçün əlavə tədbirlər görməliyik. Ona görə, bu sahədə də yeni inkişaf strategiyamız müəyyən edilməlidir".