...

3-cü Şuşa qrantı müsabiqəsinin nəticələri açıqlandı

Cəmiyyət Materials 16 Oktyabr 2015 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) 3-cü Şuşa qrantı müsabiqəsinin nəticələrini açıqlayıb.

EİF-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qarabağla bağlı ölkədə aparılan elmi tədqiqatları stimullaşdırmaq, regional və beynəlxalq səviyyədə araşdırmaları təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında EİF 2012-ci il 8 may tarixində "Şuşa qrantı"nı təsis edib.

1-ci "Şuşa qrantı" müsabiqəsi 2012-ci ildə elan edilərək keçirilib və bu müsabiqənin nəticələri üzrə qalib 4 layihədən 2-si beynəlxalq xarakterli olmaqla Almaniya və Ukraynalı alimlərlə birlikdə uğurla yerinə yetirilib. 2-ci "Şuşa qrantı" məqsədli müsabiqəsi isə Elmin İnkişafı Fondu və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birgə 2013-cü ildə elan olunaraq keçirilib, 10 qalib layihə müəyyənləşdirilib.

3-cü "Şuşa qrantı" müsabiqəsi isə 2014-cü ilin dekabrın 25-də elan edilib, qrant iddiaçılarına kömək məqsədilə bir neçə məsləhət seminarı təşkil olunub, ortaya çıxan suallara aydınlıq gətirilib.

Müsabiqəyə müvafiq elm sahələri və qrant növləri üzrə 13 layihə daxil olub, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müvafiq qeydiyyatdan keçirilib, layihələrin ekspertizası işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər cəlb olunub. Müsabiqənin nəticələrinə dair Elmin İnkişafı Fondunun Himayədarlar Şurası tərəfindən qəbul edilən yekun qərara əsasən, 3-cü Şuşa qrantı müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 220000 manat olmaqla 5 qalib layihə müəyyənləşdirilib.

3-cü Şuşa qrantı müsabiqəsi üzrə qalib layihələr AMEA-nın Naxçıvan Bölməsində, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində və qeyri-hökumət təşkilatı olan "Sağlam nəsil" Tibbi Elmi-Tədqiqat Mərkəzində yerinə yetiriləcək.

Humanitar və ictimai elmlər sahəsi üzrə 4 layihə, biologiya, tibb və aqrar elmləri üzrə isə 1 layihə qalib olub. Qalib layihə rəhbərlərindən 2-si qadın, 3-ü isə kişidir.

2-si beynəlxalq olan qalib layihələrdən 4-ü fundamental-tətbiqi xarakterlidir, 1 layihə üzrə isə "Azərbaycan Respublikasındakı məcburi köçkünlərin adaptasiyasının sosial-tibbi aspektləri və həyat keyfiyyəti" mövzusunda Bakıda beynəlxalq elmi konfrans keçiriləcək.

"Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri və ermənilər tərəfindən törədilən soyqırımların pərdəarxası", "Ətraf mühitin təhlükəsizliyinin təminatı kontekstində Ermənistandan Azərbaycana və digər region dövlətlərinə qarşı ekoloji və hidroloji təhdidlər", "Azərbaycanın Ağdam rayonu toponimlərinin və dialektlərinin toplanılması və linqvistik təhlili", "Azərbaycan- Ermənistan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində travmaya məruz qalmış insanların sosial-psixoloji vəziyyətinin qiymətləndirilməsi" kimi mövzular üzrə yerinə yetiriləcək layihələr Qarabağ tədqiqatlarını daha da zənginləşdirəcək.

Müsabiqənin nəticələri ilə www.sdf.gov.az internet səhifəsində tanış olmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti