...

Azərbaycanda sahibkar olmaq daha da asanlaşacaq

Cəmiyyət Materials 19 Oktyabr 2015 22:10 (UTC +04:00)
Yaxın vaxtlarda Azərbaycanda sahibkarlığın inkişafinda böyük irəliləyişlər gözlənilir.
Azərbaycanda sahibkar olmaq daha da asanlaşacaq

Azad Həsənli - Trend:

Yaxın vaxtlarda Azərbaycanda sahibkarlığın inkişafinda böyük irəliləyişlər gözlənilir.

Bu gün Prezident İlham Əliyev sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmanda sahibkarlıq fəaliyyəti üçün lisenziyaların "ASAN xidmət" mərkəzlərində verilməsi də nəzərdə tutur.

Bu fərmanla sahibkarlığın stimullaşdırılması məqsədilə lisenziyaların sayı minimuma endirilir, lakin sayın hansı həddə ixtisar olunacağı hələ məlum deyil (hazırda ölkədə sahibkarlıq fəaliyyəti ilə bağlı 65 növ lisenziya mövcuddur).

Lisenziyaların verilməsinin "ASAN xidmət"ə həvalə edilməsi isə çox sevindirici haldır. Bu xidmətin uğurlu təcrübəsi artıq hamıya məlumdur.

Yeri gəlmişkən, keçmiş postsovet məkanında sahibkarlıq fəalliyyəti üçün lisenziyaların sayının azaldılması barədə düşünən yalnız Azərbaycan deyil. Cari ildə Ukrayna da eyni addımı ataraq, lisenziyaların sayını 56-dan 30-a azaldıb. Qırğızıstanda isə bu cür 101 lisenziyanın sayını 84-ə qədər azaltmağı planlaşdırırlar.

Bu fərmanı ölkədə çoxdan gözləyirdilər, necə ki Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə göndərilən sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsini də.

Çoxsaylı yoxlamalar artıq şikayətlərə səbəb olur, narazılıqlara yol açırdı. Bu yoxlamalar çox vaxt qanun pozuntuları hallarını aşkar etmək adı ilə aparılır, nəticədə bəzi məmurlar ciblərini doldurmaq üçün bəhanə qazanmış olurdular.

Təbii ki, bu cür amillər ölkədə sahibkarlığın inkişafını ləngidirdi. Hazırkı iqtisadi şəraitdə isə özəl sektorun inkişaf etdirilməsi ən mühüm məsələlərdən biridir. Belə ki, neft gəlirlərinin azalması iqtisadi artım tempini əvvəlki səviyyədə saxlamaq üçün yeni investisiya mənbələrinin tapılmasını vacib edir. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyi barədə dəfələrlə danışılıb, eyni zamanda özəl sərmayələr hesabına. Bu səbəbdən həmin dəyişikliklər sahibkarlıq üçün münbit zəmin yaradacaq.

2015-ci il noyabrın 1-dən Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların 2 il müddətinə dayandırılması nəzərdə tutulur. Sahibkarlıq sahəsində istisna yoxlamalar yalnız Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılacaq.

Ümumilikdə bu, sahibkarlığın inkişafına böyük təkan verəcək.

Son vaxtlar hökumət tərəfindən sahibkarlıq sahəsində fəaliyyətin sadələşdirilməsi istiqamətində fəal addımlar atılır. Nümunə kimi, 2016-cı ildə qüvvəyə minəcək Vergi Məcəlləsində edilən dəyişiklikləri qeyd etmək olar ki, bu dəyişikliklər tikinti, ictimai iaşə və ticarət sahəsində vergitutma sistemini sadələşdirməyə imkan verəcək. Ümid etmək olar ki, bütün bu dəyişikliklərdən sonra Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün münbit zəmin yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti