Azərbaycan, Bakı, 24 oktyabr /Trend/
Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə "Bakı, mən səni sevirəm" kinolayihəsinin təntənəli təqdimat mərasimi keçirilib.
Trend məlumatına görə, təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, tanınmış ictimaiyyət və incəsənət xadimləri, yaradıcı insanlar, diplomatik korpus nümayəndələri və xarici qonaqlar iştirak ediblər.
Təqdimat mərasimi əsl bayram əhval-ruhiyyəsində keçib. Aktyorlar, rejissorlar məmnuniyyətlə fotoqraf və videooperatorların qarşısında dayanaraq jurnalistlərin suallarını səmimi cavablandırıblar. Qonaqlar üçün gözəl bayram furşeti təşkil olunmuşdu.
Təqdimat mərasimindən öncə qonaqlara çəkiliş prosesini əks etdirən kadrlar nümayiş olunub. Gecənin aparıcısı Rahib Azəri layihə haqqında danışaraq qeyd edib ki, indiyədək "Paris, mən səni sevirəm", "Nyu-York, mən səni sevirəm", "Moskva, mən səni sevirəm" kimi analoji kinolayihələr həyata keçirilib.
Çəkiliş prosesinə 2011-ci ilin noyabrında start verilib, ilk çəkilişlər 2012-ci il martın 12-də başlanılıb. Çəkilişlər iki sessiyadan ibarət olub. Mart-aprel və iyun-iyul aylarını əhatə edən yaz və yay sessiyalarının hər birində beş film çəkilib. Kinoalmanaxın çəkiliş qrupu 138 nəfərdən ibarət olub. Kütləvi çəkiliş səhnələrini də nəzərə almaqla "Bakı, mən səni sevirəm" layihəsində 150-dən çox aktyor və aktrisa iştirak edib.
Layihənin prodüserləri Yeqor Mixalkov-Konçalovski və Nadir Maçanovdur. Kinonovella "Mosfilm" kinokonsernində ərsəyə gəlib.
"Bakı, mən səni sevirəm" sözlərilə çıxışına başlayan Yeqor Mixalkov-Konçalovski "Bakı, mən səni sevirəm" kimi böyük bir kinolayihənin reallaşmasına dəstək verən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və layihənin rəhbəri - Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib: "Mən həmçinin Bakıya və bütün bakılılara, azərbaycanlılara və bütün Azərbaycana, layihənin yaradıcı kollektivinə dərin minnətdarlığımı bildirirəm. Layihə üzərində işlə əlaqədar burada keçirdiyim bir ildən artıq müddətdən sonra bü gün əminliklə deyə bilərəm ki, nə qədər bu şəhərin vurğunuyam və bu şəhəri sevirəm. Bakı iki reallığın - tarix, ənənə, qədim əsrlərin və durmadan inkişaf edən müasir meqapolisin harmonik şəkildə qovuşduğu bir şəhərdir. Son vaxtlar burada "Avrovisiya" mahnı müsabiqəsi, İlk Avropa Oyunları kimi o qədər əlamətdar hadisələr olub ki, bu ölkəyə və insanlarına heyran olursan. Hər dəfə sizin gözəl şəhərə səfərə gəlirəm və hər dəfə də sürətlə dəyişdiyindən paytaxtınızı tanıya bilmirəm. Burada olduğumuz müddət ərzində biz təkcə işləməmişik, sizin gözəl ölkəniz haqqında daha çox öyrənmişik. Ona görə layihənin təqdimatının memarlıq və dizayn baxımından belə bir gözəl məkanın divarları arxasında, dahi Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilməsindən qürur hissi duyuram".
Sonra Yeqor Mixalkov-Konçalovski tamaşaçıları beynəlxalq yaradıcı kollektiv tərəfindən hazırlanmış layihəyə baxmağa dəvət edib.
"Bakı, mən səni sevirəm" layihəsi 10 novella əsasında ekranlaşdırılan qısametrajlı filmlərdən ("Aziya", "Görüş", "Rəssam", "Həyət", "Bəhram Gur", "Xəzər Atlantidası", "Lotereya bileti", "Sevgi haqqında", "Aysel", "Təsadüf") ibarətdir.
Ekran əsərlərinin hər biri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir. Film həm də aktyor və rejissorların nəzərində Bakıya bir sevgi etirafıdır.
Filmlərin rejissorları Yeqor Mixalkov-Konçalovski, Nadir Maçanov, Aleksey Qolubev, Andrey Razenkov (Rusiya), Aleksander Fodor (Böyük Britaniya), Andre Badalo (İspaniya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu və Yavər Rzayevdir (Azərbaycan).
Novellaların ssenari müəllifləri isə Nadir Maçanov, Yavər Rzayev, İlqar Safat, Samir Kərimoğlu, Nərgiz Bağırzadə və Aleksandr Novotoskidir.
Ekran əsərlərində Azərbaycanın Xalq artistləri Rasim Balayev, Məbud Məhərrəmov, Laləzar Mustafayeva, Əməkdar artistlər Şamil Süleymanlı, Bəhram Bağırzadə, Ayşad Məmmədov, Sənubər İsgəndərli və digər sənətkarlarla yanaşı, İtaliya, Böyük Britaniya, Türkiyə, Rusiya, Belarus, Litva və Özbəkistandan dəvət olunmuş aktyor və aktrisalar da çəkiliblər. Onların arasında Alessandro Bertoluççi, Aziya Arcento, Nadirə Myurrey, Aqniya Ditkovskite, Vadim Tsallati, Vyaçeslav Razbeqayev və Tatyana Rujavskaya kimi tanınmış simalar da rol alıb.
Layihənin təqdimatı gur alqışlarıa qarşılanıb. Nümayişdən sonra yaradıcı heyət - Yeqor Mixalkov-Konçalovski, Nadir Maçanov, İlqar Safat, Andre Badalo və Aleksandr Fodor səhnəyə dəvət olunublar.
Səhnəyə çıxan yaradıcı heyət səmimi ürək sözlərini bölüşərək kinematoqrafiyada parlaq hadisəyə çevrilən layihənin reallaşmasına verdiyi dəstəyə görə, təşkilatçılara təşəkkürlərini bildiriblər.