Bakı. Təmkin Cəfərov - Trend:
İran Teleradio Şirkətinin ("Seda" və "Sima") İkinci kanalının Uşaq verilişləri departamentinin direktoru azərbaycanlılara qarşı təhqiramiz ifadələrin səsləndiyi "Fitilə" proqramına görə başlayan etirazlardan sonra istefa verib. Bu barədə Trend "Fars" agentliyinə istinadən məlumat verir.
"Fitilə" proqramında azərbaycanlılara qarşı hörmətsizlikdən sonra Uşaq verilişləri departamentinin direktoru Əli Zarean səhvini qəbul edib və vəzifəsindən istefa verib.
Məlumatda qeyd olunur ki, onun yerinə Azərmidoxt Azərhuş təyin edilib.
Qeyd edək ki, noyabrın 6-da İran televiziyasında adıçəkilən veriliş zamanı Azərbaycan dilində istehza dolu dialoqlar səslənib ki, bu da İranda yaşayan azərbaycanlıların şikayətinə səbəb olub. Təbriz başda olmaqla İranın bir çox mərkəzi şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib. Bundan sonra rəsmi şəxslər əhalini təmkinli olmağa çağırıb, Teleradio Şirkəti və proqramın prodüseri isə əhalidən üzr istəyiblər.