...

Cənub bölgəsinin məktəbliləri Gəncədə səfərdədir

Cəmiyyət Materials 17 Noyabr 2015 12:05 (UTC +04:00)
"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasına qatılan Cənub bölgəsinin məktəbliləri Gəncəyə gəlib.
Cənub bölgəsinin məktəbliləri Gəncədə səfərdədir

Bakı. Trend:

"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasına qatılan Cənub bölgəsinin məktəbliləri Gəncəyə gəlib. Trend-in məlumatına görə, şagirdlər iki gün ərzində şəhərin tarixi abidələri, gəzməli-görməli yerləri ilə tanış olacaq, Nizami yurdunun tarixi haqqında ətraflı məlumat alacaqlar.

Cəlilabad, Salyan, Biləsuvar, Masallı və Lənkərandan olan şagirdlərin ilk dayanacağı Heydər Əliyev park-kompleksi olub. Məktəblilərə qarşıdakı günlər ərzində Gəncə və gəzib görəcəkləri digər yerlər haqqında ətrfalı məlumatlar verilib. Onlara şəhərin bü günü və tarixini əks etdirən kitablar paylanılıb. Sonra Qafqazın ən böyük parkı ilə əyani tanışlıq başlayıb. Məktəblilər Heydər Əliyev mərkəzində Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən foto və video materiallarla tanış olublar.

Ülkər Məmmədzadə - biləsuvarlı məktəbli: "Bu Gəncəyə olan ilk səfərimizdir. Düşünürəm ki, bu, biz şagirdlər üçün yaradılan ilk şansdır. Biz bununla ölkənin inkişafına şahidlik edəcəyik və Gəncə şəhərindən özümüzə çoxlu dostlar qazanacağıq. İllərdir həyat və yaradıcılığını öyrəndiyimiz Nizami Gəncəvinin məqbərəsini əyani şəkildə görmək qürurvericidir".

Azər Şükürov - cəlilabadlı məktəbli: "Bu mərkəzi ilk dəfədir görürəm. Çox sevindim ki, belə bir yeri gördüm. Gəncə haqqında əvvəl kitablardan və televiziya vasitəsi ilə məlumat almışdıq. İndi çox xoşbəxtəm ki, bura gəlmişəm".

Cənub bölgəsindən olan şagirdlərin şəhərlə tanışlığı sabah da davam edəcək. Onlar Nizami Gəncəvinin məqbərəsini və müzeyini, "Gəncə Qala qapıları" kompleksini, Xan Bağı, Cavad Xan Türbəsi, Şah Abbas Cümə məscidini gəzəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti