...

Cənub bölgəsinin məktəbliləri Şəmkir və Göygöldə olublar

Cəmiyyət Materials 18 Noyabr 2015 15:15 (UTC +04:00)
"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyası çərçivəsində cənub bölgəsinin məktəbliləri Şəmkir və Göygöldə olublar
Cənub bölgəsinin məktəbliləri Şəmkir və Göygöldə olublar

Bakı. Trend:

"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyası çərçivəsində qərb bölgəsinə səfər edən cənub bölgəsinin məktəbliləri Şəmkir və Göygöldə olublar.

Trend-in məlumatına görə, səhər saatlarında Şəmkirə yola düşən şagirdlər buranın tarixi abidələri, müasir tikililəri, gəzməli-görməli yerləri ilə tanış olublar. Məktəblilər orta əsr Şəmkir qalasını ziyarət ediblər. Daha sonra Bayraq meydanı və Bayraq müzeyinə gəliblər. Burada şagirdlərə tarix boyu Azərbaycanda mövcüd olan qədim dövlətlər və onların rəmzləri haqqında geniş məlumat verilib.

Həmçinin "Zəka" gənclərin intellektual və yaradıcılıq inkişaf mərkəzində olan gənclər buranın fəaliyyəti haqqında məlumatlandırılıblar. Mərkəzin kitabxanası isə cənublu qonaqların xüsusi diqqətini çəkib.

Heydər Əliyev Mərkəzinə gələn şagirdlər ulu öndərin həyatını və siyasi fəlaiyyətini əks etdirən fotostendlərlə tanış olublar.

Şəmkirin tarixi haqqında ətraflı məlumat aldıqdan, bu günü və mədəniyyəti ilə əyani şəkildə tanış olduqdan sonra cənublu məktəblilər Göygölə yola düşüblər.

Göygöldə şagirdlərin ilk dayanacağı Heydər Əliyev parkı olub. Ulu öndərin adını daşıyan mərkəzdə cənublu qonaqlara Göygölün tarixi, mədəniyyəti və iqtisadiyyatı haqqında ətraflı məlumat verilib. Daha sonra şagirdlər mərkəzi gəzib, burada yaradılan Heydər Əliyev muzeyi ilə tanış olublar.

"Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində məktəblilər Göygöl Gənclər Mərkəzində də olublar. Onlara rayonda almanlar tərəfindən tikilən evlər barədə də məlumat verilib. Göygöl rayon Tarix-Diyarşünaslıq Muzeyində eksponatlar və muzeyin yerləşdiyi kilsə şagirdlərin diqqətini çəkib. Cənublu qonaqlar Dövlət Rəmzləri muzeyində olub, Bayraq meydanından rayonun mənzərəsini seyr ediblər. Ekskursiyanın son dayanacağı isə Göygöl Milli Parkı olub.

Lənkəranlı məktəbli Vəciyə İskəndərli deyib: "Biz artıq üç gündür ki, səfərdəyik. Əminəm ki, mənimlə birlikdə burada olan şagirdlər də çox sevinirlər. Gəzintimiz çox gözəl keçir. Dərs vəsaitlərində oxuduqlarımızın əyani şahidi oluruq".

Lerikli məktəbli Nurlan Hacızadə bildirib: "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində respublikamızın gəzməli-görməli yerləri, tarixi abidələri ilə tanış oluruq. Ölkəmizdə gedən inkişafın canlı şahidi oluruq. Bu vasitə ilə yeni dostlar qazanırıq".

Astaralı məktəbli Bəxtiyar Səmədov qeyd edib: "Gənclərin dünyagörüşünün artırılması məqsədilə bu cür layihələrin keçirilməsi bizim üçün böyük uğurdur. Əgər belə layihələr davam etsə, biz Azərbaycanımızı dünyada daha yaxşı təmsil edə biləcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti