Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanın bölgələrdə bütün mövsümi meyvə və tərəvəzlərin tərkibinin yoxlanılmasını təmin edəcək referent laboratoriyaların yaxın vaxtlarda fəaliyyətə başlayacağı gözlənilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən Trend-ə bildirilib ki, artıq Yevlax və Şirvanda iki laboratoriya tikilib, Xaçmazda isə laboratoriya binası tikilməkdədir: "Laboratoriyaların tələb olunan avadanlıqlarla təchiz edilməsi, tam təmir edilməsi, mütəxəssislər üçün treninqlərin keçirilməsi nəzərdə tutulur. Laboratoriyalar yaxın vaxtlarda işləməyə başlayacaq".
Xidmətdən deyilib ki, ümumilikdə 8 bölgədə referent laboratoriyaların tikilməsi nəzərdə tutulub. Bu laboratoriyaların istifadəyə verilməsi məhsulların tərkibinin bazara çıxarılmamışdan əvvəl yoxlanılmasına imkan verəcək.