...

Azərbaycanda yeni turizm növlərini inkişaf etdirmək təklif olunur

Cəmiyyət Materials 25 Noyabr 2015 16:37 (UTC +04:00)
Azərbaycanda turizm sahəsində mövsümiliyin aradan qaldırılması üçün bütün turizm növləri inkişaf etdirilməlidir.
Azərbaycanda yeni turizm növlərini inkişaf etdirmək təklif olunur

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda turizm sahəsində mövsümiliyin aradan qaldırılması üçün bütün turizm növləri inkişaf etdirilməlidir. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

M.Ağakərimov bildirib ki, Azərbaycanda ilboyu turizm mövsümünün olması üçün imkanlar var: "Hazırda Azərbaycanda turizm mövsümü, əsasən, yay və qış aylarında olur".

Yaz və payız aylarına uyğun turizm növlərinin də inkişaf etdirilməsini mümkün sayan ekspertin sözlərinə görə, Azərbaycanın təbii iqlimi, coğrafi mövqeyi turizm növlərinin bütün il ərzində fəaliyyət göstərməsinə şərait yaradır.

AzTA sədrinin müşavirinin sözlərinə görə, son illər Azərbaycanda turizmin yeni növləri inkişaf edib. Bunlar, əsasən, sağlamlıq, eyni zamanda qış turizminə aid növlərdir.

Bununla belə, M.Ağakərimov ölkədə ov turizminin inkişaf etdirilməsi üçün böyük imkanların olduğu qənaətindədir: "Azərbaycanda ov turizmi o qədər də reklam olunmur. Amma ov turizmi çox gəlirli sahədir. Bu sahəyə diqqət yetirmək lazımdır".

Rusiya, Gürcüstan və digər ölkələrdə ov turizminin inkişaf etdiyini deyən M.Ağakərimovun sözlərinə görə, sovet dövründə Azərbaycanda ov turizmi ilə "İnturist" adlanan Səhmdar Cəmiyyəti məşğul olurdu. Lakin indi ov turizminin inkişafı üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə əməkdaşlıq etməsi lazımdır: "Bu gün Milli parklar və qoruqlara ETSN nəzarət edir. Ov turizminin inkişafı, bu sahə üzrə daha çox turist cəlb etmək üçün bu iki nazirlik mütləq birlikdə çalışmalı və bəzi maneələri aradan qaldırmalıdırlar".

M.Ağakərimov bildirib ki, Azərbaycanın ov ehtiyatı da ölkədə ov turizminin inkişafına imkan verir: "Ov turizmində ilk yeri dağ keçisinin ovlanması tutur. Bu da dağlıq ərazilərdə - Qəbələ, Quba və Qusarda olur. Sovet dövründə dağ keçisi vurmaq üçün Cənubi Amerika, Finlandiya, Almaniya və Avstriyadan buraya çoxlu turist gəlirdi, buna maraq yüksək idi. Bu sahə indi də çox gəlirli sahə ola bilər".

Qeyd edək ki, Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Trend-ə açıqlamasında müxtəlif islahatların həyata keçirilməsi vasitəsilə ölkədə mövsümiliyin aradan qaldırılması məsələsinin Mədəniyyət və Turizm Nazirliyinin növbəti illərdə turizm sənayesinin inkişafı üçün görəcəyi işlərə aid olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti