...

Mübariz Qurbanlı: Nardaranda müxtəlif bayraqlardan istifadə qanunazidd hərəkətdir

Cəmiyyət Materials 30 Noyabr 2015 18:36 (UTC +04:00)
Bakının Nardaran qəsəbəsində kimlərsə dini atributlar hesab olunan və qanunla yayılması, təşviq olunması qadağan edilən bayraqlardan və s. istifadə edirlər.
Mübariz Qurbanlı: Nardaranda müxtəlif bayraqlardan istifadə qanunazidd hərəkətdir

Bakı. İlhamə İsabalayeva - Trend:

"Bakının Nardaran qəsəbəsində kimlərsə dini atributlar hesab olunan və qanunla yayılması, təşviq olunması qadağan edilən bayraqlardan və s. istifadə edirlər. Nardaranın mərkəzində divarlara yerli-yersiz şüarlar yazırlar. Bunlar yolverilən hal deyil, qanunla yasaqlanan hərəkətlərdir. Orada müxtəlif bayraqlardan istifadə qanunazidd hərəkətdir".

Trend-in məlumatına görə, bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Nardaranda müxtəlif dini bayraqların qaldırılmasına münasibət bildirərkən deyib.

M.Qurbanlı bildirib ki, Azərbaycanda bayraq qaldırmağa ehtiyac olan yerdə yalnız dövlət bayrağı qaldırılmalıdır.

Onun sözlərinə görə, Nardaranda vəzifəsini yerinə yetirən polisə qarşı silah işlədilməsi ağır cinayətdir: "Bu, faktiki olaraq, terror əməli kimi dəyərləndirilir".

Komitə sədri hesab edir ki, Nardaran əhalisinin özü bu cür insanların qəsəbədə ayaq açmasına, dövlətimizə, qanunlarımıza qarşı qeyri-qanuni hərəkətlərə yol verməsinə imkan verməməlidir: "Nardaran sakinlərinin əksəriyyəti qəsəbədə bu hadisələri törədənləri, Nardarana gəlib orada hakimiyyətlə, dövlət qurumları ilə qarşıdurma yaradanları qətiyyətlə pisləyirlər. Bu aksiomadır. Amma, əlbəttə, Azərbaycanda müxtəlif xarici dairələrin - dövlət səviyyəsində nəzərdə tutmuram - əlaltıları ola bilər. Bu, həm Nardarandakı hadisələrdə, həm də digər yerlərdə radikal ekstremist qrupların əməllərində özünü büruzə verə bilər. Bütün bunlar müvafiq qurumların araşdırma mövzusudur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti