...

Culian Qudvin: Bakı Ali Neft Məktəbinin tələbələrinin səviyyəsi olduqca yüksəkdir (FOTO)

Cəmiyyət Materials 22 Dekabr 2015 10:39 (UTC +04:00)
Heriot-Vatt Universitetinin Kimya mühəndisliyi üzrə tədris qrupunun rəhbəri Culian Qudvin sualları cavablandırıb.
Culian Qudvin: Bakı Ali Neft Məktəbinin tələbələrinin səviyyəsi olduqca yüksəkdir (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbi (BANM) Böyük Britaniyanın Heriot-Vatt Universiteti (HVU) ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində tələbələrə hər iki ali təhsil müəssisəsinin diplomları veriləcək. Bunun üçün əsas şərtlərdən biri BANM-də semestr imtahanlarının HVU-nun müəllimləri tərəfindən həyata keçirilməsidir. Hazırda BANM-də iki ixtisas üzrə - "Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisasları üzrə semestr imtahanları britaniyalı müəllimlər tərəfindən həyata keçirilir. Belə ki, BANM-in "Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisasları üzrə bakalavriatda təhsil alan tələbələri Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları üzrə təhsil aldıqlarına görə imtahanlar sözügedən universitetlə paralel olaraq eyni günlərdə və saat fərqi nəzərə alınaraq eyni saatda keçirilir. Heriot-Vatt Universitetinin Kimya mühəndisliyi üzrə tədris qrupunun rəhbəri Culian Qudvin BANM tələbələrinin bilik səviyyəsi, imtahanların təşkili və nəzarət, nəticələrin qiymətləndirilməsində şəffaflıq, eyni zamanda öz peşəkar fəaliyyəti ilə bağlı sualları cavablandırıb.

- Cənab Qudvin, Bakı Ali Neft Məktəbində semestr imtahanları sizin tərəfinizdən nəzarət olunaraq qiymətləndirilir. İmtahan nəticələrini necə qiymətləndirirsiniz? Nəticələr qiymətləndirilərkən hansı meyarlar əsas götürülür?

- Öncə onu deyim ki, imtahan sualları HVU-nun mütəxəssisləri tərəfindən tələbələr imtahanlara girməzdən öncə hazırlanır və nəzərdən keçirilir. İxtisas proqramları ilə bağlı imtahanlara gəldikdə isə, suallar həm də kənar mütəxəssis tərəfindən yoxlanılır. Yəni imtahan suallarının keyfiyyəti tələbələr bu sualları görməzdən öncə yoxlanılır. Hər hansı əməkdaşımız sualları tərtib edərkən tələbənin cavabının müvafiq aspektlərinə uyğun olaraq qiymətlərin bölgüsü üzrə qiymətləndirmə şkalası tərtib olunur. Beləliklə, imtahan sualları yoxlanılarkən sözügedən sualla bağlı qiymətləndirmə şkalasında nəzərdə tutulmuş xüsusi məqamlar nəzərə alınır. Daha doğrusu, artıq yoxlama mərhələsində hansı aspektləri nəzərə alacağımızı və qiymətləndirməzdən öncə tələbədən olan gözləntilərimizi konkret olaraq bilirik. Lakin bir sıra hallarda müəyyən dərəcədə çevik yanaşma ola bilər, belə ki, bir sıra suallar açıq tiplidir və tələbələr sözügedən sualı bir və ya bir neçə üsulla cavablandıra bilərlər.

- BANM tələbələrinin səviyyəsi sizi qane edirmi? Ən çox nədə səhv edirlər?

- Ümumilikdə, BANM tələbələrinin səviyyəsi olduqca yüksəkdir. Bunun bizim üçün o qədər də böyük sürpriz olmadığını düşünürəm, çünki tələbələrinizin yerli tələbələrin ən yaxşıları qisminə daxil olduğunu bilirik, məhz bu baxımdan bu bizim üçün heç də təəccüblü hal deyil. Zənnimcə, təhsilin ilk illərində sizin tələbələr HVU-nun Edinburq və digər kampuslarında təhsil alan tələbələrlə müqayisədə ümumilikdə daha yaxşı nəticələr göstərirlər. Bununla belə, yuxarı kurslarda proqram daha da çətinləşdikcə, bu fərq bir qədər daha az nəzərə çarpacaqdır. Əlbəttə, göstəriciləri olduqca yüksəkdir və bu tələbələrin bizim tələbələrimiz sırasında olması bizi olduqca məmnun edir.

- Nəticələri yoxlayarkən daha çox tələbələrin cavablarında nəzəriyyəyə, yoxsa məntiqi təfəkkürə fikir verirsiniz?

- Tələbələr konkret metodları tətbiq etməyi və eyni zamanda düşünməyi bacarmalıdırlar. İmtahan sualları bu kimi bacarıqların bir qisminin müəyyən edilməsi nöqteyi-nəzərindən hazırlanır. Bir sıra suallarda tələbənin konkret faktlar haqqında biliyi, digər qisim suallarda isə problemin həllinə konkret həll üsulunu tətbiq edə bilmə qabiliyyəti yoxlanılır. Bəzi suallar açıq tipli olduqlarından tələbələr bu suallara necə yanaşacaqlarını və problemi necə həll edəcəklərini düşünməlidirlər. Artıq yuxarıda təsvir etdiyim qiymətləndirmə şkalasında ballar bir qayda olaraq tələbənin sualı cavablandırarkən tətbiq etdiyi prosesin müxtəlif mərhələlərinə uyğun olaraq verilir. Cavabları yoxlayıb qiymətləndirərkən biz, həqiqətən də, tələbənin məntiqi təfəkkürünə diqqət yetiririk. Bizim üçün cavabın düzgünlüyü o qədər də əhəmiyyətli deyil, nəinki tələbənin problemin həllinə yanaşma üsulu, çünki bir sıra hallarda tələbə problemin həlli istiqamətində düzgün yanaşmanı seçdiyi halda ən son məqamda riyazi hesablamada elə bir səhv buraxa bilər ki, bu, sualın faktiki olaraq səhv cavablandırılması ilə nəticələnə bilər. Yəni, bu baxımdan biz əslində prosesin özünə diqqət yetiririk.

- Təhsiliniz və HVU-da işiniz barədə məlumat verə bilərsinizmi?

- Əslində təhsilə kimya mühəndisliyi üzrə deyil, başqa bir sahə üzrə başlamışam. Orta məktəbdə dəqiq elmlərlə maraqlanırdım, daha sonra kimya üzrə ali təhsil aldım. Bu, mənim Şeffild Universitetində ilk dərəcəm oldu. Bundan sonra PhD təhsili almağa başladım. İlk olaraq Birmingem Universitetində "Tikinti mühəndisliyi" fakültəsində təhsil alırdım və doktorantura dissertasiyamın mövzusu tullantı sularının email ilə bağlı idi. Tullantı sularının emalı sahəsində çalışdığım müddətdə biologiya sahəsində biliklərimi tətbiq etmək imkanım oldu. Lakin eyni zamanda, proses mühəndisliyi sahəsinə də marağım yaranmışdı. PhD təhsilimi başa vurduqdan sonra doktoranturadan sonrakı təhsilimi almağa qərar verdim və Birmingem Universitetinin "Tikinti və Kimya mühəndisliyi" kafedrasının birgə həyata keçirdiyi bir layihəyə cəlb olundum. Beləliklə, tullantı sularının emalı sahəsində elmi dərəcə aldım. Daha sonra HVU-da çalışmağa başladım. O zamanlar universitet biologiya sahəsində biliklərə malik mütəxəssisləri işə cəlb edirdi, çünki biotexnologiya sahəsində fəaliyyətini genişləndirmək və artırmaq niyyətində idilər. Beləliklə, bu sahədə müəllim olaraq fəaliyyətə başladım və o zamandan etibarən kimya mühəndisliyi və faktiki olaraq tədris sahəsində təcrübəmi inkişaf etdirmiş oldum. Kimya mühəndisliyi üzrə tədris qrupunun rəhbəri olaraq hazırkı vəzifə öhdəliklərimə tədris işçiləri arasında iş bölgüsünün aparılması daxildir. Eyni zamanda keyfiyyət prosesinə nəzarət, tələbələrin müraciətləri, tələbələrə gələcək karyera seçimlərində dəstək və digər məsələlər də mənim səlahiyyətimdədir.

- Tələbələrimizə nə tövsiyə edərdiniz?

- Düşünürəm ki, tələbələriniz üçün gələcəkdə çoxsaylı geniş imkanlar mövcuddur. Tədris proqramımız böyük nüfuza malikdir. Birləşmiş Krallıqda bu tədris proqramı Kimya Mühəndisləri İnstitutu tərəfindən akkreditasiyadan keçib, yəni mühəndislik sahəsində təhsil alan tələbələr üçün peşəkar kvalifikasiya proqramı hesab edilir. Əlbəttə, Edinburqda təhsil alan tələbələrimiz təhsillərini davam etdirəcək və müxtəlif sahələrdə çalışacaqlar. İnanıram ki, sizin tələbələriniz də belə edəcəklər. Əgər konkret olaraq neft-qaz sahəsində çalışmaq niyyətindədirlərsə, əlbəttə ki neft-qaz və kimya mühəndisləri bu sahədə tələb olunan kadrlardır. Onlara olduqları kimi olmağı, təhsillərinə önəm vermələrini, nəyə nail olmaq istədiklərini anlamalarını və buna lazımi qədər zaman ayırmalarını tövsiyə edərdim. Tələbələr təhsillərinə məsuliyyətlə yanaşmalı, daha doğrusu, dərsdən kənar olduqlarında belə buna müvafiq zaman ayırmalıdırlar. Məqsədlərini konkret olaraq müəyyən etməli və ən yaxşı nəticəyə nail ola bilmək üçün əllərindən gələni etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti