...

"Əsgərə məktublar" mövzusunda yazı müsabiqəsinin vaxtı uzadılıb

Cəmiyyət Materials 8 Yanvar 2016 18:40 (UTC +04:00)

Bakı. Trend:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə kütləvi informasiya vasitələri nümayəndələri arasında elan etdiyi "Əsgərə məktublar" mövzusunda yazı müsabiqəsinin vaxtı uzadılıb.

Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqəyə ötən il dekabrın 7-dən 2016-cı il yanvarın 18-dək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında dərc olunan yazılar buraxılacaq. Hər iştirakçı müsabiqəyə bir yazı təqdim edə bilər. Yazılar 3 min işarədən çox olmamalı və məktub janrında yazılmalıdır. Bütün yazılar vətənpərvərlik ruhunda qələmə alınmalıdır.

Müsabiqəyə təqdim olunan yazılar təbliğat, maarifləndirmə, çap məqsədilə Xidmətin nəşrlərində istifadə edilə bilər. Yazılar elektron formada (yazının linki əlavə edilməklə) [email protected] ünvanına göndərilməlidir. Müəllifin özü, çalışdığı media orqanı haqqında məlumatları və əlaqə nömrələrini göstərməsi zəruridir. Yazılar dərc olunarkən "Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Əsgərə məktublar" adlı müsabiqəsinə təqdim olunur" qeydi zəruridir.

Müsabiqədə ilk üç yeri tutan şəxslərə müvafiq olaraq 500, 300 və 200 manat məbləğində mükafat veriləcək. Bundan əlavə, 10 nəfərə 100 manat məbləğində həvəsləndirici mükafat nəzərdə tutulub.

Müsabiqənin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları ilə təltif olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti