Bakı. Trend:
Prokurorluq orqanlarından xaric edilmiş Rüfət Səfərovun barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Qeyd edək ki, R.Səfərov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
R.Səfərov bir müddət əvvəl "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.
Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.