Bakı. Samir Əli - Trend:
Bakıda polis tərəfindən keçirilən 2 əməliyyatda qanunsuz saxlanılan silahlar aşkar edildi.
Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Hümbətovun yaşadığı mənzilinə baxış zamanı "TT" markalı tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.
Digər əməliyyat isə Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı idarəsi əməkdaşları tərəfindən yanvarın 12-də həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vüsal Ağayevin Balaxanı qəsəbəsindəki evindən lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş ov tüfəngi və 13 ədəd patron aşkar edilərək götürülüb. V.Ağayevin yaxınlarından biri "TOZ-8" markalı nömrəsi silinmiş ov tüfəngini və ona aid nişangahı könüllü olaraq BBPİ-yə təhvil verib və bu silahın da V.Ağayevə məxsus olmasını bildirib.