Bakı. İlhamə İsabalayeva - Trend:
"Azərbaycanda insanların sıx toplaşdığı yerlərdə dezinfeksiya tədbirləri mütəmadi olaraq həyata keçirilir. Cari ilin tədbirlər planına da uyğun olaraq, dezinfeksiya tədbirləri tələb olunan ictimai yerlərdə həyata keçirilir. Bu işlər sırf "donuz qripi" ilə əlaqədar aparılmır".
Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.
Onun sözlərinə görə, yanvarın 23-dən etibarən "donuz qripi" ilə əlaqədar məktəb və məktəbəqədər müəssisələrdə dezinfeksiya işlərinin aparılmasına başlanılıb. Dezinfeksiya tədbirləri ölkənin 4 böyük şəhəri - Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdəki təhsil müəssisələrini əhatə edir.
Z.Kazımov qeyd edib ki, göstəriş olarsa, digər rayon və şəhərlərdə də dezinfeksiya tədbirləri həyata keçiriləcək: "Nazirin əmri ilə bu işlər hələlik məktəbəqədər təhsil müəssisələri və məktəblərdə aparılır. O cümlədən, insanların sıx toplaşdığı yerlərdə mütəmadi olaraq dezinfeksiya işləri görülür".
Əhalinin sıx toplaşdığı yerlərdən biri olan Bakı Metropolitetinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə Trend-ə bildirib ki, metropolitendə "donuz qripi"nə qarşı dezinfeksiya işlərinin aparılması üçün Səhiyyə Nazirliyi tərəfindən müraciət daxil olub: "Biz dezinfeksiya tədbirlərinin aparılmasına tam hazırıq. Metropolitenin özünün də sanitar-epidemioloji qrupu var. Bu işi nazirliyin müvafiq qurumları ilə birgə görməliyik".
Qeyd edək ki, Azərbaycanla həmsərhəd olan ölkələrdə "donuz qripi"nin (A/H1N1 virusu) aşkarlanması ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən tədbirlər proqramı hazırlanıb, qabaqlayıcı tədbirlər görülür. Tədbirlər proqramına əsasən, sərnişin qatarlarında, uşaq-yeniyetmə, tədris və tibb müəssisələrində, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılır. Dəmir yolu ərazisində yerləşən bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır.
Bundan başqa, şübhəli xəstələrin müvəqqəti saxlanması üçün xüsusi palatalar ayrılıb, tibbi personal fərdi qoruyucu vasitələrlə təmin edilir, dəmir yolu ərazisində "donuz qripi" xəstəliyinə qarşı profilaktik və əks-epidemik tədbirlərin həyat keçirilməsi məqsədilə dərman və vaksinlərin, dezinfeksiyaedici preparatların, fərdi qoruyucu vasitələrin ehtiyatı yaradılır.