Bakı. Trend:
Fevralın 10-da İmişli rayonu Oruclu, Ağaməmmədli və Cəfərli kəndlərinin sakinləri, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri, İqtisadiyyat Nazirliyinin rəsmiləri və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta süd qəbulu və yığımı məntəqəsinin inşası layihəsinin uğurla başa çatmasını qeyd etmək üçün bir araya gəldilər.
Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bu məntəqənin inşası ABŞ və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşdirilib və yerli qeyri-hökumət təşkilatı olan ÜMİD tərəfindən icra olunub.
İmişli rayonu Oruclu, Ağaməmmədli və Cəfərli icmalarının əsas məşğuliyyəti mal-qara və südçülük təsərrüfatıdır. Hazırda bu ərazidə gündəlik süd istehsalı 4000 litr təşkil edir ki, bu göstərici fəsildən asılı olaraq dəyişir. Normalda fermerlər istehsal etdikləri südün yalnız 50%-ni sata bilir. Yerdə qalan hissəsi isə ailələrin daxili ehtiyacını ödəyir, yaxud satıla və saxlana bilmədikdə xarab olur. Bu faktorlar ev təsərrüfatı ilə məşğul olanların gəlirində nəzərəçarpacaq dərəcədə itkilərə gətirib çıxarır.
Süd yığımı məntəqəsinin əsas məqsədi həmin üç icmadan olan kiçik və fərdi təsərrüfatlardan südü toplamaq, saxlamaq və süd emalı müəssisələrinə satmaq olacaq ki, bununla da həmin istehsalçıların stabil və daha yüksək gəliri təmin olunacaq. Məntəqə süd istehsalçılarından toplanan südün keyfiyyətini analiz etmək üçün laboratoriya avadanlığı ilə təmin edilib. Bu, icmaların iqtisadi rifahının yaxşılaşdırılmasına töhfə verəcək, habelə süd istehsalçıları və rayondakı süd emalı müəssisəsi arasında ticarət əlaqələrinin yaranmasına kömək edəcək. Yeni məntəqə həmin üç icmada yaşayan 1200-dən artıq insanın həyat şəraitini və gəlir imkanlarını yaxşılaşdıracaq.
Səfir R.Sekuta bildirib ki, İmişlidə süd yığımı məntəqəsinin inşası əməkdaşlığın nəticəsidir: "Bu üç icma öz prioritetlərini müəyyən etmək, plan hazırlamaq və həmin planı icra etmək məqsədilə saatlarla bələdiyyə və yerli icra hakimiyyəti nümayəndələri ilə çiyin-çiyinə işləyiblər. Oruclu, Ağaməmmədli və Cəfərli camaatı hökumət orqanları ilə birgə işləyərək nəyə nail ola biləcəklərinin şahidi oldular".
Həmçinin diplomat öz həyat şəraitini yaxşılaşdırmaq üçün yerli resursları səfərbər etdiklərinə görə icmalara təşəkkür etdi.
Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən İqtisadiyyat Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi SEDA proqramı icmalarda sosial-iqtisadi inkişafı artırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin birgə iştirakını təşviq edir. Bu günə kimi proqram Azərbaycanın 58 icmasında 52 layihənin maliyyələşdirilməsinə 1,000,000 ABŞ dollarından artıq vəsait xərcləyib.