...

Azərbaycan dilinin qrammatikasının yeni variantda hazırlanması təklif olunur

Cəmiyyət Materials 17 Fevral 2016 11:29 (UTC +04:00)
Azərbaycan dilinin qrammatikası yeni variantda hazırlanmalıdır.
Azərbaycan dilinin qrammatikasının yeni variantda hazırlanması təklif olunur

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan dilinin qrammatikası yeni variantda hazırlanmalıdır.

Trend-in məlumatına görə, bunu AMEA Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən Möhsün Nağısoylu 21 fevral - Beynəlxalq Ana Dili Günü ilə bağlı keçirilən tədbirdə deyib.

İnstitut direktorunun sözlərinə görə, dilimizin qrammatikası son dəfə bir neçə il bundan əvvəl işıq üzü görüb: "O, artıq köhnəlib, buna görə də qrammatikanı yeni variantda hazırlamaq lazımdır. Dilimizə yeni daxil olan sözlərin lüğəti hazırlanır. Dilimizə daxil olan yeni sözlərin siyahısını hazırlayaraq onları əvvəlcə ictimaiyyətin müzakirəsinə vermək olar".

M.Nağısoylu qeyd edib ki, dilimizin daxili imkanları hesabına müəyyən terminləri özününküləşdirmək lazımdır.

Onun sözlərinə görə, yazılı abidələrimizdə də unudulan çox saylı sözlər var: "Onları unutmuşuq, əvəzində fars və ərəb sözləri dilimizə daxil olub".

M.Nağısoylunun sözlərinə görə, müsəlman aləmində 3 böyük dil var ki, onlar türk, ərəb və fars dilidir.

O qeyd edib ki, Azərbaycan dili dünyanın ən zəngin və ən qədim dillərindən biri hesab olunur. Dövlət dili statusunu almış Azərbaycan dili hazırda bütün sahələrindəki, o cümlədən elmin bütün sahələrindəki fikirləri incəliyinə qədər ifadə edə bilən bir dildir.

M.Nağısoylu deyib ki, Azərbaycan dilinin dövlət dili statusu alması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti