...

Respublikada quşlar və heyvanlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələf olma yoxdur (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2016 13:21 (UTC +04:00)
Xaçmaz rayonunda quşlar arasında kütləvi tələfat qeydə alınmayıb.
Respublikada quşlar və heyvanlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələf olma yoxdur (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda quşlar arasında kütləvi tələfat qeydə alınmayıb.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) əməkdaşları fevralın 18-dən 20-dək Xaçmaz rayonunun Dədəli kəndində ev quşları (xüsusi ilə toyuq və hind quşları və s.) arasında və ona qonşu olan Nağıoba və Baraxum kəndlərində, eləcə də Xaçmaz rayonunun digər ərazilərində araşdırmalar aparıblar.

Aparılan araşdırmalar zamanı ev quşlarının kütləvi tələf olması faktına təsadüf edilməyib. Yalınız Dədəli kəndində tək-tək halda bir neçə ev quşunun tələf olması müəyyən edilib.

Quşlardan nümunələr götürülərək laboratoriyada müayinə edilib. Aparılan bakterioloji, toksikoloji və parazitoloji müayinələr zamanı nümunələrdə infeksion xəstəliklərin törədicisi aşkar edilməyib. Quşların askaridoz (qurd) xəstəliyindən tələf olması müəyyən olunub.

Tələf olmuş quşlar baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilmiş və xəstəlik qeydə alındığı bildirilən həyət və toyuq hinləri dezinfeksiya edilib. Həmçinin xidmət əməkdaşları kəndlərdə ev quşlarının nyukasl xəstəliyinə qarşı aparılan profilaktik peyvəndləmə işlərinə əməli köməkliklər göstəriliblər.

Aparılan tədbirlər çərçivəsində kənd sakinləri ilə baytarlıq mütəxəssislərinin görüşləri də keçirilmiş və əhali arasında maarifləndirmə işi aparılıb.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev quşlarında, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda və quşlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada quşlar və heyvanlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələf olma halları mövcud deyil və epizootoloji sabitliyə tam nəzarət olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti