...

Mərhum jurnalistin anası: Təqsirləndirilən şəxslər peşmançılıq çəkmir

Cəmiyyət Materials 1 Mart 2016 14:06 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevi öldürməkdə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.
Mərhum jurnalistin anası: Təqsirləndirilən şəxslər peşmançılıq çəkmir

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevi öldürməkdə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən proses başlamamış mərhum jurnalist Rasim Əliyevin məhkəmədə iştirak edən anası Teyfurə Əliyeva ilə təqsirləndirilən şəxslərin valideynləri arasında qalmaqal yaşandığı üçün prosesdə fasilə elan edilmişdi.

Fasilədən sonra davam edən prosesdə müdafiə çıxışları başlayıb. R.Əliyevin anası T.Əliyeva çıxışında təqsirləndirilən şəxslərə ən ağır cəza istəyib: "Təqsirləndirilən şəxslər peşmançılıq çəkmir, müttəhim kürsüsündə oturub mənə gülürlər. Məndən olsa, onlara ömürlük cəza istəyərəm. Amma qanunvericilik imkan vermir. Onlar mənim vəziyyətimə gülürlər, eybi yox, onların da anası mənim günümdə olanda mən də gülərəm".

Zərərçəkmişin vəkili Fariz Namazlı isə bildirib ki, Rasim Əliyevin ölümündə həkim səhlənkarlığı olması hökmdə nəzərə alınsın: "Rasim Əliyev döyüləndən sonra xəstəxanaya özü gedib. İlkin müayinədə ciddi problemin olmadığı deyilib. Sonradan onda dalağın partlaması, daxili qanaxma qeydə alınıb. Bu işdə həkim səhlənkarlığı var və xahiş edirəm bu faktlar nəzərə alınsın".

Təqsirləndirilən şəxs El.İsmayılovun vəkili isə bildirdi ki müdafiə etdiyi şəxsə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi əsassızdır və bu maddə üzrə ona bəraət verilməli, cəza yüngülləşdirilməlidir.

Təqsirləndirilən şəxs C.Məmmədovun vəkili Şəmsəddin Quliyev isə bildirib ki, ittiham aktına R.Əliyevin müayinəsi zamanı rentgen çəkilişi əlavə edilməyib. İşə əlavə edilən həkimlərin izahatlarında pasiyentin xəstəxanaya daxil olma, əməliyyata götürülmə saatlarında səhvlər var, hər həkim bir vaxt göstərib. Bu faktlar ciddi araşdırılmalı və həkimlərin səhlənkarlığı işdə tanınmalıdır.

Məhkəmə prosesi martın 3-də davam etdiriləcək.

Qeyd edək ki, ötən məhkəmə prosesində prokuror təqsirləndirilən şəxslərə cəza istəyib. Dövlət ittihamçısı E.İsmayılova 14 il, A.Əliyevə 14 il, C.Məmmədova 12 il, S.Mustafayevə 11,6 il, K.Mədətova 11,6 il azadlıqdan məhrumetmə cəzasının verilməsini istəmişdi.

Xatırladaq ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən R.Əliyev avqustun 9-da orada vəfat edib.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. E.İsmayılov, C.Məmmədov, A.Əliyev, K.Mədətov və S.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib.

O cümlədən, "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Dekabrın 22-də Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti