...

Uşaq hüquqlarının pilləli tədrisinə başlanılıb

Cəmiyyət Materials 3 Mart 2016 16:58 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının birgə təşkilatçılığı ilə Təhsil müəssisələrində “Uşaq hüquqlarının pilləli tədrisi”nin keçirilməsinə başlanılıb.
Uşaq hüquqlarının pilləli tədrisinə başlanılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının birgə təşkilatçılığı ilə təhsil müəssisələrində "Uşaq hüquqlarının pilləli tədrisi"nin keçirilməsinə başlanılıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təhsil müəssisələrində "Uşaq hüquqlarının pilləli tədrisi" proqramı çərçivəsində açıq dərsləri İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Hüquqi maarifləndirmə şöbəsinin əməkdaşları keçirir.

Ombudsman Aparatında bu məqsədlə yaradılmış və səmərəli fəaliyyət göstərən hüquqi maarifləndirmə qrupunun əməkdaşları adıçəkilən layihə çərçivəsində şagirdlərə Uşaq Hüquqları Konvensiyası, Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun müddəalarını izah edib, uşaqlara onların hüquqları, vəzifələri, eyni zamanda uşaq hüquqlarını müdafiə edən dövlət qurumlarının səlahiyyətləri barədə məlumat veriblər.

Proqram çərçivəsində məktəblərdə seçilmiş uşaqlar sərbəst şəkildə özlərindən bir pillə aşağı siniflərdə təhsil alanlar üçün uşaq hüquqlarına dair treninqlər keçəcək, Ombudsman Aparatının nümayəndələrindən bu sahədə öyrəndikləri bilgiləri həmyaşıdlarına aşılayacaqlar.

Uşaqların iştirakı ilə gerçəkləşdirilən, müvafiq modullar əsasında tətbiq olunan tədris proqramı uşaq hüquqlarının öyrənilməsinə öz töhfəsini verməklə yanaşı, şagirdlərin bilik və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai fəallığının artırılması, eləcə də müvafiq fənn müəllimlərinin insan hüquqları sahəsində ixtisaslaşmasında mühüm rol oynayır.

İnteraktiv şəkildə aparılan pilləli tədris prosesində əsas diqqət şagirdlərin uşaq hüquqları sahəsində bilik səviyyəsinin inkişaf etdirilməsinə yönəldilib.

Açıq dərslər zamanı "Uşaq Hüquqları Konvensiyası" adlı kitab və "Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular" adlı dərs vəsaitindən, digər hüquqi nəşrlərdən və plakatlardan istifadə edilir.

Debat və müzakirə formasında keçirilən seminarlar şagirdlərin fəallığı ilə keçib.

Açıq dərslərin sonunda fərqlənən şagirdlər Fəxri fərman və diplomlarla təltif ediləcəklər.

Qeyd edək ki, Ombudsman Aparatının əməkdaşları tərəfindən açıq dərslərin təşkili davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti