...

Azərbaycanda 60 minə yaxın insan epilepsiyadan əziyyət çəkir

Cəmiyyət Materials 28 Mart 2016 16:21 (UTC +04:00)
Hazırda Azərbaycanda 60 minə yaxın insan epilepsiyadan əziyyət çəkir.
Azərbaycanda 60 minə yaxın insan epilepsiyadan əziyyət çəkir

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda Azərbaycanda 60 minə yaxın insan epilepsiyadan əziyyət çəkir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ən çox yayılmış nevroloji xəstəliklərdən biri olan epilepsiya diaqnozu hər il 24 milyon insana qoyulur. Epilepsiya bədənin hər hansı bir hissəsində və ya bütün bədəndə qısamüddətli qeyri-iradi qıcolmalar, tutmalar şəklində meydana çıxan beynin xroniki xəstəliyidir. Tutma zamanı xəstələrin yanında sakitliyi qoruya bilən və vaxtında yardıma yetişəcək insanların olması çox vacibdir. Epileptik tutma, hətta bir dəfə olduğu halda həm xəstənin, həm də ətrafdakıların kifayət qədər güclü stressinə səbəb olur.

Müxtəlif ölkələrdə hər 100 min nəfər əhali arasında 20-53 epilepsiyaya tutulma halına rast gəlinir. İnkişaf edən ölkələrdə bu göstərici 100-190 hadisə təşkil edir. Azərbaycanda isə bu göstərici 25-dən 83-dək təşkil edir. Hazırda dünyada 50 milyondan çox insan, Azərbaycanda isə 60 minə yaxın insan epilepsiyadan əziyyət çəkir.

Epilepsiyanın yaranma səbəbləri müxtəlifdir. Bir sıra hallarda, əsasən, kiçik yaşlı uşaqlarda və yeniyetmələrdə onun əsasında genetik faktorlar durur. Lakin təxminən 50% hallarda epilepsiyanın səbəbi təyin olunmamış qalır. Epilepsiyanın simptomatik növlərində xəstəliyin əmələ gəlmə səbəbi beynin zədələnməsidir.

Epilepsiya çoxillik müalicə tələb edir. Epilepsiyanın müalicəsində əsas məqsəd tutmaların tamamilə kəsilməsidir. Müalicə məqsədilə "köhnə" və "yeni" epilepsiya əleyhinə preparatlardan (AEP) istifadə olunur. İlk aşkar olunmuş epilepsiyanın müalicəsi zamanı düzgün dərman seçimi və gündəlik AEP-nin qəbul olunması şərtilə xəstələrin 75%-də müalicənin müsbət nəticələri müşahidə edilir.

Epilepsiya haqqında yalnış təsəvvürlər və xəstəliyə qarşı neqativ münasibətə görə xəstələr təhsil almaqda, işə düzəlməkdə, nikaha daxil olmaqda, həmçinin ailədə və yaxın ətrafdakılar tərəfindən diskriminasiya ilə üzləşirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti