...

Millət vəkili: İnsanlar həkimlərə, nevropotoloqlara üz tutsaydı dərd yarı idi

Cəmiyyət Materials 29 Mart 2016 13:24 (UTC +04:00)
"Psixoloji yardım haqqında" yeni qanun layihəsinin ilkin variantı artıq hazırdır.
Millət vəkili: İnsanlar həkimlərə, nevropotoloqlara üz tutsaydı dərd yarı idi

Bakı. İlhamə İsabalayeva - Trend:

"Psixoloji yardım haqqında" yeni qanun layihəsinin ilkin variantı artıq hazırdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında adıçəkilən qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupunun rəhbəri, komitənin sədr müavini Musa Quliyev deyib.

Onun sözlərinə görə, "Psixoloji yardım haqqında" qanun layihəsini artıq komitə üzvlərinə tanışlıq üçün paylamaq olar.

Qanun layihəsinin qəbulunun vacibliyindən danışan millət vəkili İlham Məmmədov bildirib ki, dünyada baş verən iqtisadi, siyasi proseslər insanların psixoloji durumuna ciddi şəkildə təsir etməkdədir: "Psixoloji sarsıntı keçirən insanlar həkimlərə - nevropotoloqlara və psixoloqlara üz tuturlar. Həkimlərin də silahı nə ola bilər?! Yalnız ağrıkəsici dərmanlar yazmaq. Ancaq bu dərmanlar da çox zaman müsbət təsir göstərmək əvəzinə həmin insanların psixoloji durumuna mənfi təsir göstərir. Çünki həmin dərmanlar güclü təsirə malikdirlər. Ona görə də belə bir qanunun qəbuluna ciddi ehtiyac duyulur".

Komitənin sədri, akademik Əhliman Əmiraslanov isə psixoloji problemi olan insanların falçılara müraciət etməsinə təəssüflənib: "İnsanlar həkimlərə, nevropotoloqlara üz tutsaydı dərd yarı idi. Çox zaman onların böyük əksəriyyəti ekstrasenslərə, fala baxanlara üz tuturlar, onlara tərəf qaçırlar. Bu da öz növbəsində daha böyük fəsadların yaranması və yaşanması ilə nəticələnir".

Ə.Əmiraslanov "Psixoloji yardım haqqında" qanun layihəsinin müzakirələrə çıxarılmasına və qəbuluna çox ciddi ehtiyacın olduğunu da söyləyib.

Onun sözlərinə görə, bu gün dünyanın əksər ölkələrində belə bir qanun mövcuddur: "Qanun layihəsi üzərində işlər davam etdirilir. Biz istəyirik ki, onu plenar iclasa çıxarmazdan əvvəl komitəmizin iştirakı ilə ictimai müzakirəyə, dinləmələrə çıxaraq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti