...

Ramil Usubov: İctimai asayişin qorunmasında vətəndaşların iştirakı könüllülük prinsipinə əsaslanır

Cəmiyyət Materials 17 May 2016 18:43 (UTC +04:00)
Ramil Usubov mülki işçi vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışları keçirib.
Ramil Usubov: İctimai asayişin qorunmasında vətəndaşların iştirakı könüllülük prinsipinə əsaslanır

Bakı. Trend:

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 16-da Gəncə şəhər Baş Polis İdarəsində Gəncə və ətraf rayonların, mayın 17-də isə Qəbələ rayonundakı Daxili Qoşunların hərbi hissəsinin meydanında Şimal-Qərb bölgəsinin ərazi polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti, həmçinin "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışları keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sıra baxışlarında həmin bölgələrdə yaşayan, polis və Daxili Qoşunlarda xidmət etmək istəyən ümumilikdə 1000 nəfər iştirak edib. Onların arasından daha hazırlıqlı olan 120 nəfəri polisin və Daxili Qoşunların sıralarında xidmətə, 276 gənc isə mülki işçi vəzifələrinə namizəd kimi seçilərək sənədlərinin hazırlanması üçün aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.

Namizədlər qarşısında çıxış edən nazir son illər daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb, Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mükəmməl təhsilli, yüksək mənəvi və işgüzar keyfiyyətlərə, hərtərəfli dünyagörüşə malik gənclərin hər zaman dövlət idarəçiliyində daha geniş şəkildə təmsil olunmaları, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün zəruri addımlar atıldığını, hazırkı seçimlərin də göstərilən sahədə uzun müddətdir həyata keçirilən məqsədyönlü siyasətin növbəti əyani təzahürü olduğunu bildirib. Qeyd olunub ki, ümumilikdə kadrların hazırlıq səviyyəsinin artırılması, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi ölkə və DİN rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdən və daim nəzarətdə saxlanılan məsələlərdəndir.

Daxili işlər naziri onu da vurğulayıb ki, ictimai asayişin qorunmasında vətəndaşların iştirakı könüllülük, qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin üstünlüyü, insanların şərəf və ləyaqətinə hörmət, müvafiq dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq və polis orqanlarının səlahiyyətlərinin əvəzlənməsinin yolverilməzliyi prinsiplərinə əsaslanır.

General-polkovnik R.Usubov xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək daxili işlər orqanlarının əməkdaşı adını daim uca tutmalarını, bilik və bacarıqlarını, təcrübələrini daim artırmalarını, müasir dövrün tələblərinə və çağırışlarına cavab vermələrini, informasiya texnologiyalarının ən son nailiyyətlərini praktikada fəal şəkildə tətbiq etmələrini, vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını tövsiyə edib, gələcək çətin və şərəfli fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti