...

Cəbhə xəttində yaşayan sakinlərin daşınmaz əmlakları sənədləşdirilir (FOTO)

Cəmiyyət Materials 20 May 2016 13:57 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi Füzuli rayonunda “Kütləvi çıxarış” kampaniyası keçirib.
Cəbhə xəttində yaşayan sakinlərin daşınmaz əmlakları sənədləşdirilir (FOTO)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi Füzuli rayonunda "Kütləvi çıxarış" kampaniyası keçirib.

Komitədən Trend-ə verilən məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanın "qaynar bölgələrində" - cəbhə bölgəsində yaşayan vətəndaşlara məxsus əmlakların sənədləşdirilməsi prosesini davam etdirir.

Bildirilir ki, cəbhə bölgələrindəki daşınmaz əmlakların kütləvi surətdə sənədləşdirilməsi çərçivəsində mayın 20-də Füzuli rayonunda "Kütləvi çıxarış" kampaniyası keçirilib. Komitənin sosial tədbirlərindən olan "Kütləvi çıxarış" kampaniyası vətəndaşların daşınmaz əmlaklarının tam sadələşmiş şəkildə qeydiyyata alınmasını nəzərdə tutur.

Füzulidə keçirilən kampaniyada bu imkandan bölgənin yüzlərlə sakini faydalanıb. 200-ə yaxın cəbhə bölgəsi sakinlərinə bilavasitə öz ünvanlarında mobil ofislər vasitəsi ilə rahat şəkildə mülkiyyət sənədləri təqdim edilib. Rayon sakinləri özlərinə məxsus daşınmaz əmlakları - fərdi evlər, pay torpaqları, həyətyanı torpaq sahələri üzrə çıxarışlar əldə ediblər.

Eyni zamanda, rayon sakinlərinə əmlaklarına dair ayrı-ayrı vaxtlarda müxtəlif dövlət qurumları tərəfindən verilmiş dövlət aktları, şəhadətnamələr, qeydiyyat vəsiqələri, mənzillər barədə orderlər, kolxoz və sovxozlar tərəfindən verilmiş əmrlər və digər sənədlər kütləvi qaydada çıxarışlarla əvəz olunub. Kompaniya çərçivəsində bir sıra sakinlərdən mülkiyyətlərinin qeydiyyatdan keçirilməsi üçün ilkin hüquq müəyyənedici sənədlər də qəbul edilib.

Kampaniya çərçivəsində vətəndaşlara məxsus həyətyanı sahələrdə və pay torpaqlarında baxış keçirilib, orada ərazi-ölçmə işləri də aparılıb. Kütləvi çıxarış kampaniyasından yararlananlar arasında apreldə cəbhə bölgəsində gedən döyüşlərin iştirakçıları da var. Döyüşlərdə aldığı xəsarət nəticəsində əlil olmuş bir neçə hərbçimizə aid mülkiyyət sənədləri də onların evindəcə təqdim edilib.

Qeyd edək ki, "Kütləvi çıxarış" kampaniyası çərçivəsində ölkə vətəndaşlarına, komitənin ərazi idarələrinə müraciət etmədən, elə həyətlərində öz əmlaklarını qeydiyyatdan keçirməyə şərait yaradılır. Bu isə öz növbəsində, komitənin göstərdiyi xidmətlərdə vətəndaş məmnunluğunu daha da artırı və sosial amilliyi daha da gücləndirir.

Kampaniya sosial layihə olduğu üçün ödənişli qaydalarla həyata keçirilmir. Xidmətin çatdırılması üçün əlavə ödəniş tələb olunmur, mobil xidmətlər yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirilir. Bu rüsumlar da yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir.

Belə bir kampaniyanın faktiki olaraq müharibə vəziyyətində olan, bir qədər əvvəl qızğın döyüşlərin meydanı olan Füzulidə aparılması həmin bölgənin sakinlərinə dövlət tərəfindən dəstəyin mühüm göstəricisidir.

Bu kampaniya Füzüli rayon sakinlərinə daşınmaz əmlaklarını rahat şəkildə qeydiyyatdan keçirməklə imkan yaratmaqla yanaşı, həm də vətəndaşların mülkiyyət hüquqlarının və mülkiyyətlərində olan əmlakların dövlət tərəfindən qorunmasının göstəricisidir.

Belə tədbirlər cəbhə bölgəsində əhalinin öz əmlaklarının daha aktiv şəkildə iqtisadi proseslərə cəlb edilməsini, və bununla da iqtisadi aktivliyini və iqtisadi fəaliyyətini də stimullaşdıracaq. "Kütləvi çıxarış" kampaniyası nəticəsində əhaliyə məxsus pay torpaqlarının sərhədləri dəqiqləşəcək, indiyədək bu sahədə mövcud olan torpaq mübahisələri həll ediləcək və torpaqların real istifadəsi üçün imkan yaranacaq. Bütün bunlar isə bölgədə əhalinin iqtisadi fəallığına, onların həyat səviyəsinin yüksəlməsinə, ümumi iqtisadi inkişafa təkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti