...

Elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Cəmiyyət Materials 24 May 2016 14:19 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti, AR Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda ilk dəfə olaraq elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Bakı. Samir Əli-Trend:

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti, Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda ilk dəfə olaraq elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə e-tibbin multidissiplinar problemlərinə həsr olunmuş ilk tədbiri Azərbaycan səhiyyəsi və elmi, bütövlükdə ölkə ictimaiyyəti üçün mühüm hadisə kimi dəyərləndirib. E-tibbin formalaşması problemlərinin müxtəlif aspektləri ilə məşğul olan alim və mütəxəssislərin bir araya gəlməsi və gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi baxımından konfransın böyük əhəmiyyətə malik olduğunu bildirərək tədbirin bu sahədə mövcud problemlərin həllinə töhfəsini verəcəyinə əminliyini qeyd edib.

O, səhiyyə sisteminin müasir tələblərə uyğunlaşdırılması, yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsi üçün elmdə əldə olunmuş nailiyyətlərə əsaslanmaq, innovativ texnologiyaların geniş tətbiqinin vacib şərtlərdən olduğunu bildirib.

A.Əlizadə "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın əsas istiqamətlərindən birinin də məhz elektron səhiyyə sisteminin formalaşdırılması, İKT-nin səhiyyədə tətbiqinin genişləndirilməsi olduğunu qeyd edib.

AMEA prezidenti akademiyada bu istiqamətdə aparılan elmi tədqiqatlardan söz açaraq bildirib ki, prioritet elmi istiqamətlər sırasında biologiya və tibb sahəsində dünyanın yeni çağırışlarına uyğun araşdırmaların aparılması əsas hədəflərdəndir: "Buna misal olaraq, kök hüceyrə, molekulyar biologiya və təbabət, tibdə kompüter texnologiyaları, yeni dərman texnologiyaları və s. kimi müasir elmi istiqamətləri göstərmək olar".

Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev ölkədə e-tibbin formalaşması ilə bağlı həyata keçirilən tədbirlər və əldə olunan uğurlardan danışıb. O bildirib ki, bu istiqamətdə "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" çərçivəsində kompleks tədbirlər həyata keçirilir.

E.Ağayev e-tibbin inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələr və onların həlli istiqamətində görüləcək işlər barədə də danışıb.

Milli Məclisinin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov isə ölkədə səhiyyə və tibb elminin inkişafına göstərilən qayğıdan danışıb. Son zamanlar səhiyyə sistemində uğurlu islahatlar aparıldığını qeyd edən kmoitə sədri Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın diqqəti və dəstəyi sayəsində bütün regionlarda yeni səhiyyə obyektlərinin tikilib istifadəyə verildiyini, tibb elminin ən son yenilikləri, texnoloji innovasiyalar, müasir müalicə üsullarının klinika və sağlamlıq mərkəzlərində uğurla tətbiq edildiyini, həkimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün səmərəli işlərin görüldüyünü bildirib.

Azərbaycanda e-elmin inkişaf etdiyini, elmi müəssisələrin prioritetlərinin yeniləndiyini, superkompüter texnologiyalarının böyük imkanlar vəd etdiyini deyən Ə.Əmiraslanov herontologiya, kök hüceyrələri sahəsində aparılan tədqiqatların əhəmiyyətini qeyd edib.

O, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasının dünya elminin tələblərinə cavab verən tədqiqatların aparılmasında mühüm addımlardan olduğunu bildirib.

Ə.Əmiraslanov həmçinin biotibb sahəsində elmi kadrların hazırlanmasının ən böyük problemlərdən olduğunu deyib. Onun sözlərinə görə, informatika və riyaziyyat üzrə gənc mütəxəssislərin biotibb sahəsində tədqiqatlara cəlb olunması, xarici təhsildə seçim edərkən bu sahələrə üstünlük verilməsi problemin həlli istiqamətində vacib amillərdəndir. Natiq ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə yüksək texnologiyaların tətbiqi ilə biotibb sahəsində biliklərin tədrisinin gücləndirilməsinin zəruriliyini ifadə edib.

Tədbirdə AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Vurğun Hacıyev və digərləri çıxışlarında konfransın əhəmiyyətindən danışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti