...

Yeni yaradılan Fransa-Azərbaycan Universiteti tələbə qəbuluna başlayır

Cəmiyyət Materials 21 İyun 2016 12:04 (UTC +04:00)
Azərbaycanda yeni yaradılan Fransa-Azərbaycan Universiteti tələbə qəbulunu elan edib.
Yeni yaradılan Fransa-Azərbaycan Universiteti tələbə qəbuluna başlayır

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda yeni yaradılan Fransa-Azərbaycan Universiteti tələbə qəbulunu elan edib. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Fransa-Azərbaycan Universiteti (UFAZ) layihəsi Fransa Respublikasının və Azərbaycan Respublikasının Prezidentlərinin təşəbbüsü irəli sürülmüş bir layihədir. Layihəyə əsasən, 2016-2017-ci tədris ilindən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində 4 ixtisas - kimya mühəndisliyi, kompüter elmləri, Geofizika mühəndisliyi, Neft kəşfiyyatının və istismarının cihazqayırması ixtisası üzrə tədris başlanacaq.

Universitetlərin ixitsaslaşdığı sahələrə müvafiq olaraq ilk üç ixtisasın proqramı üzrə Strasburq Universiteti, son ixtisas üzrə isə Ren 1 Universiteti ilə əməkdaşlıq qurulmuşdur. Tədris tamamilə qeyd olunan universitetlərin proqramına əsaslandığına görə UFAZ-ın məzunları sonda müvafiq olaraq ikili diplomlarla təmin olunacaqlar (ADNSU / Strasburq Universiteti və ADNSU / Ren 1 Universiteti).

Qeyd edək ki, bütün ixtisaslar üzrə tədris 4 il (1 il hazırlıq + 3 il əsas tədris müddəti) olmaqla tamamilə ingilis dilində aparılacaq. Tədrisin tamamilə ADNSU-da, yəni Bakıda aparılması nəzərdə tutulur. Semestr ərzində yaxşı nəticə göstərən tələbələr üçün Fransada yay məktəbləri təşkil oluncaq.

Bu il UFAZ-a daxil olan tələbələrdən 120 nəfəri (ən yüksək nəticə göstərənlər) təhsil aldıqları müddətdə təhsil haqqından azad olacaqlar. 40 tədris yeri isə ödənişli əsaslarla təklif olunacaq.

UFAZ ixtisaslarına ali təhsil müassisəsinə qəbul imtahanı zamanı l qrup üzrə 500 və daha çox bal toplayan hər bir abituriyent müraciət edə bilər. Abituriyentlər iyulun 25-də UFAZ komissiyası tərəfindən təşkil olunmuş növbəti imtahanda iştirak edəcəklər. İmtahandan uğurla keçənlər ixtisas seçimi zamanı UFAZ ixtisaslarından birini seçməklə UFAZ tələbəsi statusunu qazanacaq.

Seçim imtahanı fizika (testlə), kimya (testlə), riyaziyyat (testlə), ingilis dili (esse) fənləri üzrə Azərbaycan və rus dillərində aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti