...

Çimərliyi zibilliyə çevirən səbəblər - özümüzə niyə qənim kəsilmişik?

Cəmiyyət Materials 28 İyun 2016 22:22 (UTC +04:00)
Artıq bir müddətdir ki, ölkədə çimərlik mövsümü başlayıb. Hər il olduğu kimi, bu mövsümdə də bədbəxt hadisələr, suda boğulma halları baş verir.
Çimərliyi zibilliyə çevirən səbəblər - özümüzə niyə qənim kəsilmişik?

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Artıq bir müddətdir ki, ölkədə çimərlik mövsümü başlayıb. Hər il olduğu kimi, bu mövsümdə də bədbəxt hadisələr, suda boğulma halları baş verir. Hadisə ilə bağlı cavabdeh qurumlar müəyyən qabaqlayıcı tədbirlər, maarifləndirmə işləri, xəbərdarlıqlar etsələr də, bu cür bədbəxt hadisələrin qarşısını almaq mümkün olmur.

Məsələn, iyunun 27-də Bakının Xəzər rayonunda çimərlikdə faciə baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakinləri Nurlana Qədirova və qızı Həmidə Əliyeva dənizdə çimərkən boğulmaq təhlükəsi ilə üzləşiblər. Fövqəladə Hallar Nazirliyinin ərazidəki xilasedicilərinin səyi nəticəsində H.Əliyevanı xilas etmək mümkün olsa da, anasının həyatını qurtarmaq mümkün olmayıb. N.Qədirovanın meyiti sudan çıxarılıb.

Hadisənin səbəbi isə ana və qızın çimərlikdə Fövqəladə Hallar Nazirliyinin xəbərdarlıq və keçilməsi qadağan olunan xəttini aşaraq təhlükəli ərazidə çimmək istəyi olub.

Daha bir fakt isə həmin hadisədən bir gün əvvəl qeydə alınıb. İyunun 26-da Sumqayıt şəhərində qeyri-çimərlik sahəsində 27 yaşlı gəncin xəbərdarlıqlara baxmayaraq çimməsi ona həyatı bahasına başa gəlib. Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub, 1989-ci il təvəllüdlü, Novruzov Azər Rövşən oğlunun cəsədi batdığı yerdən 40 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi bütün çimərliklərdə çimərlik sahələri və su hövzələrindən istifadə qaydaları hazırlayıb və həmin qaydalar bütün çimərliklərin girişi ilə yanaşı, çimərlik ərazilərində asılıb. Qaydalarda çimərlikdən necə istifadə olunmalı, hansı ərazilərdə, hansı şəraitdə çimməyin qadağan olunduğu və sair məlumatlar göstərilib.

Spirtli içki qəbul edən valideynlər, nəzarətsiz qalıb boğulan azyaşlılar

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda hətta uşaqların çimərlikdən istifadə qaydaları göstərilib. Məlumatda bildirilir ki, ötən illərin statistikasına nəzər yetirsək görərik ki, su hövzələrində boğulanların əksəriyyəti yeniyetmə-gənclər və məktəb yaşlı uşaqlardır. Uşaq və yeniyetmələrin çimərliyə valideynsiz gəlmələri, və ya suya nəzarətsiz daxil olmaları ilkin təhlükə yaradan amildir. Eyni zamanda uşaqların çimərlik ərazisində qoyulan tələblərə, qaydalara əməl etməmələri həm onların, həm də digər istirahət edən vətəndaşların həyatını təhlükə qarşısında qoyur. Çimərlikdə fəaliyyət göstərən xilasedicilərin xəbərdarlıqlarına məhəl qoymayan uşaqlar həm də onların fikirlərini cəlb etməklə görüləcək təhlükəsizlik tədbirlərinin kefiyyətini aşağı salır. Təəssüflər olsun ki, bəzən uşaqları ilə çimərliyə gələn valideynlər sonradan oz istirahətlərinə aludə olub uşaqları unudurlar. Çimərlik ərazisində sipirtli içki qəbul edən və ya sərxoş vəziyyətdə çimərliyə gələn insanları da real təhlükə mənbəyi hesab etmək olar.

Əslində çimərlikdə necə hərəkət etməliyik?

Nazirlər Kabinetinin 22 oktyabr 1998-ci il 216 nömrəli “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi” barədə qərarı su hövzələrində istirahət və istifadə qaydalarının hüquqi bazasını təşkil edir. Su hövzələrində, çimərliklərdə vətəndaşların təhlükəsizliyi üçün nəzərdə tutulan qaydalar və qadağalar bu qanunda öz əksini tapıb.

Qanunvericiliyin tələblərinə görə çimərlikdə aşağıda göstərilən hallar qadağan edilir:

Çimmək üçün ayrılmamış yerlərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara çıxmaq, su axınlarından sahildən 20 m-dən artıq məsafəyə üzmək (uzaqlaşmaq), müxtəlif növ gəmi, qayıq, sal, barja, körpü və debarkaderlərə, digər texniki qurğulara üzüb yanaşmaq, texniki qurğuların, xəbərdarlıq nişanlarının, üzgəc və bakenlərin üstünə çıxmaq, körpü, sal, bərə, kater, qayıq və digər qurğu və vasitələrdən suya tullanmaq, xüsusi təyinatlı vasitələrə (hava ilə doldurulan jilet və döşəkləri) aid edilməyən üzən cisimlərdən istifadə etmək, gəmiçiliyə yararlı su axını və su tutarlarına üzüb keçmək, spirtli içkilər gətirib içmək, sərxoş halda çimərlikdə gəzmək və çimmək, suda kobud hərəkətlərə yol vermək, sahil sahəsini və suyun dibini müxtəlif cisimlərlə (şüşə və konserv bankaları, plastik kütlə və ərzaq tullantıları və s.) zibilləmək, çimmə zonasında balıq ovlamaq, çimərlikdə gecələmək, həmçinin fırtınanın yaxınlaşması, küləyin 5 bala qədər, dalğalanmanın isə 3 bala artması xəbərdarlığından sonra çimərlikdə qalmaq, hava qaralandan sonra çimərliyə, dənizə daxil olmaq və s.

Bu cür məlumatlar çimərliklərdə ayrı-ayrı lövhələrdən asılsa da, bəzi sakinlər bu təlimatlara məhəl qoymur, hətta ərazidəki xilasedicilərin müraciətlərini qulaqardına vurub qaydaların əksinə hərəkət edirlər.

Sərxoş üzməyin acı nəticəsi

Çimərliyə spirtli içki ilə daxil olmaq, çimərlikdə həmin içkiləri qəbul etmək, sərxoş halda dənizə daxil olmaq qadağandır. Amma bu gün çimərliyə gedən gənc və yeniyetmələrin əksəriyyəti ya özü ilə spirtli içki aparır, ya da ərazidə fəaliyyət göstərən kafe və restoranlardan sifariş edir. Pivə, araq, viski və sair spirtli içkilər qəbul edən gənclər bundan sonra dənizə daxil olur və içkinin təsirindən təhlükəni hiss etmir. Sərxoş vəziyyətdə dənizə daxil olan şəxslər ya üzməyi bacarmadığından, ya da ehtiyatsızlıqdan dənizin dərin istiqamətinə doğru hərəkət edir və nəticədə təhlükə ilə üzləşirlər.

Digər məsələ. Çimərlikdə qadağan olunan ərazini, yəni Fövqəladə Hallar Nazirliyinin xüsusi qırmızı balonlarla çəkilmiş xəttini keçmək, kater və digər qurğulardan dənizə tullanmaq qadağandır. Amma bizdə çimərliyə gedənlər istirahəti bu cür hallar olmadan təsəvvür etmirlər. Çimərliyə gedən şəxslər dənizə kater və digər motorlu qayıqlarla gedərək “qırmızı xətti” keçir, dənizin dərin hissəsində həmin üzücü vasitədən tullanmaqla həyatlarını təhlükəyə atır. Bir çox hallarda həzz almaq üçün edilən belə hərəkətlərin axırı heç də yaxşı qurtarmır.

Çimərliyin “zibil qaydası”

Bizim ən böyük bəlamız isə çimərliyi zibilləməkdir. Bu məsələ dəfələrlə müzakirə olunub. Amma faydasız və nəticəsiz qalıb. Çimərliyi təmiz saxlamaq burada istirahət edənlərin xeyrinə olsa da, elə sahil zonasını zibilləyənlər də burada istirahət edənlərdir. Çimərliyə gələnlərin əksəriyyəti özləri ilə yemək, ərzaq və sair gətirir. Əsasən də Azərbaycanda çimərliyə gedənlərin əksəriyyəti özləri ilə qarpız, qarğıdalı, günəbaxan tumu və pivə aparır. Bu, sanki çimərlik sakinlərinin xüsusi “qaydasıdır”. Elə mənzərə yaradırlar ki, elə bil qarpız, pivə, qarğıdalısız gələni çimərliyə buraxmayacaqlar.

Həmin ərzaqlarla çimərliyə gələnlər elə dənizin içində və ya çimərlik sahəsində gətirdikləri azuqəni yeyib dənizə, yedikləri yerə tullayırlar.

Bu gün Bakıda, ümumilikdə Abşerondakı heç bir çimərliyi qarğıdalı tullantısı, qarpız qabığı və pivə qabları olmadan təsəvvür etmək olmur. Bax, elə əsl təhlükə də buradan yaranır. Dənizə atılan şüşə qabların sınıqları, azuqə qalıqları ən böyük təhlükədir. Bunu hamı bilir, amma elə hamı da bu təhlükəyə göz yumur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti