...

Beşiyi Bakıda olan qardaşlıq

Cəmiyyət Materials 5 İyul 2016 10:20 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İl boyu bilik” proqramı üzrə “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində 2016-cı il 13-16 fevral tarixlərində Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Moskva şəhəri 1273 nömrəli ingilis dili təmayüllü məktəbin, Ankara şəhəri “Heydər Əliyev ilkokulu”nun, Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdlərinin qardaşlaşması gerçəkləşmişdi.
Beşiyi Bakıda olan qardaşlıq

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İl boyu bilik” proqramı üzrə “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində 2016-cı il 13-16 fevral tarixlərində Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Moskva şəhəri 1273 nömrəli ingilis dili təmayüllü məktəbin, Ankara şəhəri “Heydər Əliyev ilkokulu”nun, Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdlərinin qardaşlaşması gerçəkləşmişdi.

Qardaşlaşma prosesində hər 4 məktəbin müəllim və şagird heyəti yaxından iştirak etmiş və fevral ayının 16-da məktəblər arasında “Qardaşlaşma Sazişi” imzalanmışdı. Bu zaman həmin ölkələr arasında məlum hadisəyə görə başlamış siyasi soyuqluq ən yüksək həddə çatmışdı.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yarandığı vaxtdan gənc nəslin hərtərəfli inkişafına və dünyagörüşünün zənginləşməsinə stimul yaradan bir sıra maarifləndirici layihələr həyata keçirir. 2014-cü ilin sentyabrından start götürən “İlboyu bilik” proqramı çərçivəsində həyata keçirilən “Qardaşlaşmış məktəblər” layihəsi də belələrindəndir.

Dövlətçilik, vətənsevərlik, tolerantlıq ideyalarının və ümummilli lider Heydər Əliyevin banisi olduğu azərbaycançılıq məfkurəsinin daha dərindən öyrənilməsi və yayılmasına, məktəblilərin ölkəmizin bütün guşələrində geniş vüsət alan quruculuq, abadlıq işləri ilə daha yaxından tanış olmasına, bölgələrimizin tarixi, mədəniyyəti, məişəti və etnoqrafiyasına dair biliklərə yiyələnməsinə yardımçı olmaqdır. Bu layihə öz məramı ilə Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşdirilən “Ölkəmizi tanıyaq” layihəsinin davamıdır.

Layihə çərçivəsində artıq paytaxtda və rayonlarda olan 40-dan çox məktəb Qardaşlaşma sazişi imzalayıb. Azərbaycanın bütün bölgələri layihəyə cəlb olunub.

Aparılan müşahidələr göstərir ki, qardaşlaşan məktəblilər arasında yaxın dostluq əlaqələri davam edir. Bu münasibətlər nəinki şagirdlər, onların valideynləri, müəllimləri, nəhayət, yaşadıqları rayon və şəhərlərin ziyalıları arasında da qarşılıqlı səmimi mühitin möhkəmlənməsinə təkan verir. Müxtəlif bölgələrdən olan, müxtəlif dini etiqadın, mədəniyyətin daşıyıcıları olan azsaylı xalqların nümayəndələrinin təhsil aldıqları məktəblərin layihəyə fəal şəkildə cəlb olunması gənclərin multikultural baxışını zənginləşdirir.

2016-cı ildən başlayaraq “Qardaşlaşmış məktəblər” layihəsinin formatı genişlənərək beynəlxalq arenaya çıxdı. Prezident cənab İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi layihənin qarşısında geniş üfüqlərin açılmasına səbəb oldu. Fevralın 13-dən 16-dək Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə “Qardaşlaşmış məktəblər” layihəsi ilk dəfə olaraq, Azərbaycan məktəbliləri ilə yanaşı, Türkiyə və Rusiya məktəblilərinin iştirakı ilə gerçəkləşdi. Moskva şəhəri 1273 nömrəli ingilis dili təmayüllü məktəbin, Ankara şəhəri “Heydər Əliyev ilkokulu”nun, Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri arasında “Qardaşlaşma sazişi” imzalandı. Rusiyalı və Türkiyəli məktəblilər Bakının görməli yerlərində - Dövlət Bayrağı meydanı, Əl oyunları Sarayı, Bakı Venesiyası, Qız qalası, Filarmoniya bağı, İçərişəhər, Şirvanşahlar sarayı, Sabir bağı, Fəvvarələr meydanında, Yunus Əmrə Türk Mədəniyyət Mərkəzində oldular. Qonaqlar xüsusilə Heydər Əliyev Mərkəzindən və Heydər məscidindən böyük təəssüratla ayrıldılar. Şagirdlər arasında isti dostluq və səmimi qardaşlıq münasibətləri yarandı. Növbəti görüşlərin Ankarada və Moskvada baş tutmasını arzulayan xarici ölkə məktəbliləri öz vətənlərinə Azərbaycan sevgisi ilə qayıtdılar.

Bu qardaşlıq törəninin Bakıda keçirildiyi zaman Türkiyə ilə Rusiya arasında çox gərgin siyasi durum hökm sürürdü. Hətta, bütün diplomatik əlaqələrə belə son qoyulmuşdu. Belə bir məqamda Moskva və Ankaradan olan iki orta məktəbin direktorunun, müllim və 10 nəfər şagirdinin Bakıya gəlməsi və burada əl sıxaraq qardaş olması bir çoxlarının gizlədilməsini daha məqsədəuyğun hesab etdiyi bir xəbər idi. Halbuki bu qardaşlıq törəninin təşəbbüskarı elə o məktəblilər özləri idi.

Dövlət müşaviri, akademik Kamal Abdullayev məktəblilərin qardaşlaşma törənində bildirmişdi ki, “Bu gün Azərbaycan müxtəlif millətlərin, dinlərin, irqlərin qaynayıb-qarışdığı və mənəvi bütövlük hiss etdiyi bir Vətənə çevrilib. Rusiya, Türkiyə, Azərbaycan məktəblilərinin Bakıda bir araya gəlməsi, qardaşlıqlarını əks etdirən sənəd imzalamaları tarixi hadisədir. Dost və qonşu dövlətlərdən şagirdlərin ölkəmizə səfəri Prezident İlham Əliyevin elan etdiyi Multikulturalizm ilinə təsadüf etdi. Bütün sahələrdə olduğu kimi, Azərbaycan təhsilində də islahatlar aparılır. Ölkəmizdə qonaq olan şagirdlər və onların təhsil aldıqları məktəblərin rəhbərləri bütün bunları gözləri ilə gördülər, fikirləri ilə təsdiqlədilər”.

Artıq bu gün Rusiya - Türkiyə münasibətlərdə böhranlı səhifəni çevirmək, beynəlxalq və regional problemlərə, eləcə də Rusiya-Türkiyə münasibətlərinin bütün kompleksinin inkişafı üzrə əməkdaşlığın bərpa prosesini başlamaq üçün şərait yaranıb. Bütün bunların fövqündə dayanan rus və türk məktəblilərinin dostluğu bu gün də davam edir, Bakıda qardaşlaşan Rusiya, Türkiyə və Azərbaycan məktəbliləri qırılmaz tellərlə bir-birinə bağlıdırlar.

Rusiya və Türkiyə arasında son günlər yenidən nizama düşən münasibətlər fonunda və bu münasibətlərin daha da yaxşılaşması üçün hələ 7 ay öncə qardaş olan Ankara və Moskva məktəblərinin direktorları Prezident yanında Bilik Fonduna məktublar ünvanlayıblar. Ankara Heydər Əliyev adına Orta Okulun direktoru Necattin Şengezer öz məktubunda yazır: “Bir qədər əvvəl Türkiyə-Rusiya münasibətlərinin gərgin dönəmində Bakıda Rusiya, Türkiyə və Azərbaycan məktəbliləri qardaşlaşma sazişi imzaladılar. Azərbaycanın hər iki qonşu dövlətlə sıx əlaqələri var və Azərbaycanın, Prezidentinin cənab İlham Əliyevin yürütdüyü doğru və müstəqil siyasətin nəticəsidir ki, eyni zamanda həm Moskva, həm də Ankara Bakıya güvənir. Məhz belə kövrək məqamda Ankaralı və Moskvalı şagirdlər Bakının dəstəyi və təşkilatçılığı ilə qardaşlığa imza atdılar! Bakılı məktəblilər vasitəsilə rusiyalı və türkiyəli məktəblilər də tanış oldular, şagirdlər dostlaşdı, hələ də bu dostluq davam edir, inanırıq ki, bir ömür boyu sürəcək, daha da dərinlənəcək.

Moskva şəhəri 1273 nömrəli ingilis dili təmayüllü məktəbin direktoru M.A.Popov Bilik Fonduna ünvanlandığı məktubda rəhbərlik etdiyi məktəbin şagirdlərinin, həmçinin valideynlərinin “Qardaşlaşmış məktəblər” layihəsində bundan sonra da iştirak etmək arzusunu çatdırıb: “İki ölkə arasında münasibətlərdə yaranmış böhran Rusiyanın, həm də Türkiyənin milyonlarla vətəndaşına, iqtisadiyyatına böyük zərbə vururdu. Biz yaxşı anlayırıq ki, Azərbaycan, Türkiyə və Rusiya xalqlarını birləşdirən məqamlar çoxdur. Çətin durumlarda hər zaman ortaq maraqlar tapmaq və sülh əldə etmək mümkündür. Düşünürük ki, Türkiyə ilə qədim tərəfdaşlıq münasibətlərimiz daha da möhkəmlənəcək, bizim Bakı məktəblilərinin dəstəyi ilə qardaşlaşan şagirdlərimiz öz dostluqlarını davam etdirəcəklər”.

Türkiyə məktəblisi Aslıhan Silahtaroğlu Bakıda keçirdiyi günləri belə xatırlayır: “Azərbaycanda keçirdiyim ən gözəl an Qardaşlaşma Sazişini imzaladığımız an oldu. Rus və azərbaycanlı qardaşlarımızla olan dostluğumuz büyük bür fərəhlə, coşquyla sənədlərə köçürüləndə çox duyğulandım. Məncə, bəzi dostluqlar okeana bənzəyir. O qədər geniş olur ki, səni ənginliklərə aparır. Mən Bakıda qurduğumuz dostluğun bir okean qədər geniş və fərah olduğunu düşünürəm. Günlər keçdikcə daha da yaxından dostlaşacağımıza inanıram. Biz gənçlər qardaşlaşdıqca dünya barışı da güvən içində olacaqdır”.

Rusiya məktəblisi Yelizaveta Qolobokova təəssüratlarını bizimlə belə bölüşüb: “Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Bakıda keçirdiyim günləri böyük məhəbbətlə xatırlayıram. Burada mən Azərbaycandan və Türkiyədən olan məktəblilərlə yaxından tanış olmaq imkanı qazandım, onlarla sözün əsl mənasında qardaşlaşdıq. Mən bu gün də Azərbaycanda qazandığım dostlarımla əlaqə saxlayıram, çox istərdim ki, biz yenə bir araya gələk, fərqi yoxdur, ya Moskvada, ya Ankarada, ya da Bakıda”.

“Qardaşlaşmış məktəblər” layihəsinə qoşulmasından məmnun olduğunu deyən Yonca Acun Azərbaycanlı və Rus dostları ilə birgə imzalanan “Qardaşlaşma Sazişi”nin gələcəyə bir qapı olduğunu düşünür: “Bilik Fondunun bu layihəsi bizə

sevginin, qardaşlığın, dostluğun önəmini təkrar xatırlatdı, üfüqlərimizi genişləndirdi. İndi də bir-birimizlə sıx əlaqələrimiz var, əslində Bakıda köklü, gözəl dostluqların toxumu atıldı. Mədəniyyətlərimiz fərqli olsa da, bu, bizim üçün əngəl deyil. Çünki biz qardaşıq!”

Polina Zavqorodnyaya Azərbaycandan və Türkiyədən yeni dostlar tapdığına çox sevindiyini dilə gətirir: “Çox istərdim ki, bakılı və ankaralı dostlarımı Moskvada, öz doğma məktəbimdə qarşılayım”.

Moskva məktəblisi Kantor Andrey Bakıda qoyulan dostluq təməlinin üzərində gözəl münasibətlərin formalaşdığını qürurla deyir: “Ölkələrimizin gələcəyi bizdən – Rusiya, Türkiyə və Azərbaycan məktəblilərindən asılıdır, bizim qardaşlaşmamız gələcəkdə ölkələrimizin dostluğunun, yaxınlığının daha da güclənməsi deməkdir. Beşiyi Bakıda olan bu qardaşlığımızı hər birimiz qoruyacağıq”.

Bu gün Rusiya və Türkiyə arasında münasibətlərin mehriban məcraya düşməsinə Azərbaycan dövləti və Azərbaycan Prezidenti cənab İlham Əliyev vəsilə olduğu kimi, hər iki ölkə məktəblilərinin də dost və qardaş olmasına Azərbaycan məktəblisi və Ölkə Prezidenti cənab İlham Əliyevin böyük uzaqgörənliklə yaratdığı Bilik Fondu vəsilə oldu. Bu sülhsevər missiya bundan sonra da davam edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti