Bakı. İlhamə İsabalayeva-Trend:
Azərbaycanda dövlət ümumtəhsil məktəblərində dövlət büdcəsinin vəsaiti hesabına məktəbəhazırlıq qrupları açılacaq.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu, "Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında" yeni qərarda bildirilib.
Qərara əsasən, dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının açılması ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi hər il Azərbaycan dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.
Qərarda qeyd edilir ki, Təhsil Nazirliyi 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilinin təşkilində məktəbəqədər təhsil müəssisələri ilə yanaşı, mövcud təhsil və digər sosial-mədəni obyektlərin infrastrukturundan, dövlət ümumtəhsil məktəblərinin pedaqoji kadr potensialından istifadə etməlidir.
2016-2017-ci dərs ilindən başlayaraq ayrılmış büdcə vəsaiti çərçivəsində 2020-ci ilədək uşaqların məktəbəhazırlıqla əhatə olunması səviyyəsinin mərhələlərlə 90 faizə çatdırılmasının təmin edilməsi üçün aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə zəruri təşkilati-pedaqoji tədbirləri həyata keçiriləcək.
Maliyyə Nazirliyi və Təhsil Nazirliyi dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq təhsilinin təşkili ilə bağlı maddi-texniki təminat məsələlərini həll edəcək.