Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda dövlət məktəblərində açılacaq pulsuz məktəbəhazırlıq kurslarına uşaqların qoyulması tamamilə könüllü olacaq.
Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.
Nazirin sözlərinə görə, istənilən valideyn özü övladının məktəbəhazırlığa cəlb olunmasına dair qərar verə bilər. Valideyn belə bir qərar verdiyi təqdirdə o, dövlət tərəfindən təmin olunacaq.
Məktəbəqədər təhsili ölkənin orta və uzunmüddətli inkişafına təsir edən ən vacib təhsil pilləsi hesab edən M.Cabbarov bildirib ki, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında məktəbəqədər təhsillə hazırlığın səviyyəsinin qeyri-qənaətbəxş olduğu qeyd edilib. Burada məqsəd kimi qarşıya qoyulur ki, məktəbəqədər təhsillə əhatə səviyyəsi ölkə üzrə 90 faizə çatdırılsın. Hazırda bu göstərici 20 faizdən aşağıdır:
"Təhsil Nazirliyi iki il bundan əvvəl pullu məktəbəhazırlıq kurslarını yaratmağa başlayıb. Həmin kurslar ona görə pullu olub ki, dövlət büdcəsində məktəbəhazırlıq üçün Təhsil Nazirliyinə aid hər hansı vəsait nəzərdə tutulmamışdı. Çünki uşaq bağçaları yerli icra hakimiyyətləri tərəfindən maliyyələşdirilir. Bu layihə iki il ərzində uğurla icra olunub. Minlərlə uşaq bu kurslara cəlb olunub".Bunun həmin uşaqların gələcək təhsil göstəricilərinə birbaşa təsir göstərəcəyini deyən nazirin sözlərinə görə, bunu nəzərə alaraq, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi Nazirlər Kabineti qarşısında belə praktikanı bütün ölkə üzrə tədbiq etmək, gələcəkdə ödənişli əsaslarla deyil, dövlət büdcəsi hesabına hər bir vətəndaş üçün belə imkanın yaradılması barədə vəsatət qaldırıb: "Məmnun olduq ki, hökumət bu təklifə müsbət baxdı, Baş nazir bununla bağlı müvafiq qərar imzaladı. Biz bu qərarın həyata keçirilməsi üçün hazırlıq işləri aparmalıyıq. O məktəblərdəki maddi-texniki baza buna imkan verir, orada məktəbəqədər hazırlıq kursları təşkil ediləcək".
M.Cabbarov qeyd edib ki, bu addım nəticəsində məktəbəqədər təhsillə əhatə dairəsi mövcud səviyyədən bir neçə dəfə artacaq və buna maraq yüksək olacaq.