...

Məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul ediləcəklər

Cəmiyyət Materials 18 İyul 2016 16:50 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul ediləcəklər.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilən yeni dəyişikliklərdə öz əksini tapıb.

Yeni dəyişikliklərə əsasən, dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları yaradılır.

Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün ən azı 10 uşaq, şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün ən azı 15 uşaq müəyyənləşdirilib.

Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

Uşaqların sayı 10-dan az olduğu halda, məktəbəhazırlıq qrupları Təhsil Nazirliyinin regional təhsil idarələrinin razılığı əsasında yaradılır.

Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır.

Məktəbəhazırlıq qruplarında dərs ili iki yarım ilə bölünür. Birinci yarımil 1 oktyabr-26 yanvar, ikinci yarımil 1 fevral-31 may dövrünü əhatə edir. Dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar), 5 gün əlavə tətil (1-5 may) olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti