Bakı. Trend:
İyulun 25-dən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) London Universiteti/London İqtisadiyyat Məktəbinin “Mühasabat və Maliyyə” (BSc in Accounting and Finance) və “Biznes və Menecment” (BSc in Business and Management) ixtisasları üzrə bakalavr dərəcə proqramına qəbulu açıq elan edir. Dərslər UNEC-in əsas tədris binasında keçirilir və tələbələr lazımi dərs vəsaitləri ilə təmin olunur.
Bu barədə UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatda bildirilir.
Proqram London Universiteti/London İqtisadiyyat Məktəbinin (London School of Economics – LSE) tədris planı əsasında ingilis dilində həyata keçirilir.
Təhsilini uğurla başa vuran tələbələr iki diplom – Azərbaycan Dövlət İqtisad Universitetinin və London Universitetinin vahid nümunəli bakalavr diplomunu əldə edirlər.
Proqrama birinci kursu bitirən, Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 80 baldan çox olan və ingilis dili tələblərinə cavab verən (PTE Academic – 57, TOEFL – 87, IELTS – 6.0) tələbələr müraciət edə bilərlər.
Sənədlər avqustun 20-dək qəbul edilir.
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürərək – tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif – elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi əsas götürüb.