...

Binəqədidə yaşayış binasındakı yanğında təqsirləndirilənlərdən biri müalicə müəssisəsinə köçürülüb

Cəmiyyət Materials 26 İyul 2016 12:32 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə ötən il Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnmiş yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə ifadə verən zərərçəkmiş Kifayət Nəcəfzadə bildirib ki, hadisə zamanı oğlu Yaşar Nəcəfzadə özünü binadan atıb və ölüb.

Digər zərərçəkmiş Bilal Nəsibov isə qeyd edib ki, hadisə zamanı sonuncu mərtəbədə mərhum Yaşar Nəcəfzadə ilə qarşılaşıb: "O, mənə damın qapısının bağlı olduğunu dedi, sonra aşağı düşüb evə girdim".

Proses zamanı təqsirləndirilən şəxslərdən Miryusif Mahmudovun halı pisləşib. Prosesdə fasilə elan olunub və məhkəməyə təcili-tibbi yardım briqadası çağırılıb.

Fasilədən sonra məhkəmə prosesində digər zərərçəkmişlər ifadə verib.

Təqsirləndirilən M.Mahmudovun vəkili vəsatətlə çıxış edərək bildirib ki, müdafiə etdiyi şəxsin səhhətində ciddi problemlər yarandığından o Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə yerləşdirilsin.

Vəsatət təmin edilib və məhkəmənin növbəti iclası iyulun 28-nə təyin edilib.

İttihama görə, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti