...

Fərdi yazı müsabiqəsinin nəticələri elan olunub (FOTO)

Cəmiyyət Materials 26 İyul 2016 18:56 (UTC +04:00)

Bakı. Trend:

İyulun 26-da Vergilər Nazirliyində Azərbaycan Mətbuat Şurasının və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda fərdi yazı müsabiqəsinin nəticələrinin elan olunması və qaliblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan vergilər nazirinin müavini, 3-cü dərəcəli vergi xidməti müşaviri Sahib Ələkbərov qonaqları salamlayaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafındakı əvəzolunmaz xidmətlərindən danışıb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu sahəyə diqqətin gündən-günə artırıldığını söyləyib.

Bildirilib ki, bu gün Azərbaycanda müstəqil, eyni zamanda dövlətçilik prinsiplərinə cavab verən və milli maraqları qoruyan, obyektiv informasiya daşıyan KİV sistemi formalaşıb. Vergilər Nazirliyinin mətbuata daim açıq olan bir dövlət qurumu olduğunu vurğulayan S.Ələkbərov nazirliyin KİV nümayəndələri ilə sıx əməkdaşlıq edildiyini, görülmüş işlər, əldə edilmiş uğurlar barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırıldığını diqqətə çatdırıb.

Müstəqil Azərbaycanın vergi sisteminin və vətəndaşlarda vergi mədəniyyətinin formalaşmasında kütləvi informasiya vasitələrinin müstəsna rol oynadığını vurğulayan nazir müavini büdcə gəlirlərinin artırılması üçün vergi təbliğatının gücləndirilməsi, vergilərin hara və niyə xərclənməsi barədə həmin vergiləri ödəyənlərin daha ətraflı məlumatlandırılması, bu sahədə şəffaflığın təmin edilməsi üçün hələ çox işlər görülməli olduğunu qeyd edib.

Müsabiqənin məqsədinin Azərbaycanın müasir vergi sistemi ilə bağlı məlumatların cəmiyyətə çatdırılmasında vətəndaş və jurnalist yaradıcılığını stimullaşdırmaqdan ibarət olduğunu bildirən S.Ələkbərov müsabiqəyə yeni iqtisadi inkişaf modelinin formalaşmasında vergi siyasətinin rolu, vergi islahatları, vergi təbliğatı, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi sisteminin və sahibkarlıq subyektlərinin fəaliyyətinin şəffaflaşdırılması və s. mövzuları əhatə edən 62 yazı təqdim olunduğunu bildirib.

Müsabiqəyə qəbul olunmuş materiallar Vergilər Nazirliyi və Mətbuat Şurasının müəyyən etdiyi xüsusi komissiya tərəfindən qiymətləndirilib. Yazıların qiymətləndirilməsi zamanı materialların mövzusu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsi, faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti, ifadə vasitələrinin zənginliyi, oxucu üçün informasiyalılıq dərəcəsi və digər parametrlər əsas götürülüb.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxış edərək milli mətbuatımızın keçdiyi çətin və şərəfli tarixi yola nəzər salıb, xalqımızın həyatında medianın xüsusi rol oynadığını diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan dövləti mətbuatın inkişafına daim diqqət və qayğı göstərir. Cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımının göstərilməsi və jurnalistlərin maddi rifah halının yaxşılaşdırılması ilə bağlı müvafiq sərəncamların imzalanması bunun bariz nümunəsidir. Vergilər Nazirliyi ilə birgə keçirilən yazı müsabiqəsinə jurnalistlərin böyük maraq göstərdiyini, təqdim edilən yazıların geniş spektrli olduğunu diqqətə çatdıran Ə.Amaşov buna səbəb kimi nazirlik tərəfindən media ilə münasibətlərin yüksək səviyyədə qurulmasını göstərib və gələcəkdə də əməkdaşlığın davam etdiriləcəyinə əmin olduğunu bildirib.

Sonra qaliblərin adları açıqlanıb, onlara diplomlar və qiymətli hədiyyələr təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti