Bakı. İlhamə İsabalayeva - Trend:
Bakıda yay mövsümü başlayandan indiyə qədər günvurma ilə əlaqədar 69 nəfər müraciət edib.
Bunu Trend-ə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib.
Baş həkimin sözlərinə görə, onlardan 26 nəfəri xəstəxanaya göndərilib. Günvuran şəxslərin 13-ü uşaq olub. Onların 7-si xəstəxanaya yerləşdirilib. Bu il günvurmadan ölüm halı qeydə alınmayıb.
R.Nağıyev qeyd edib ki, stansiyaya gün ərzində təxminən 1800-2000-ə yaxın çağırış daxil olur. Onun sözlərinə görə, son günlərdə müşahidə edilən isti hava şəraiti çağırışların sayının artmasına səbəb olmayıb.