...

Bakıda 254 məktəbdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək

Cəmiyyət Materials 20 Sentyabr 2016 09:58 (UTC +04:00)
Bu il paytaxtda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 254 məktəbdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək.
Bakıda 254 məktəbdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il paytaxtda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 254 məktəbdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək.

İdarədən Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin “Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” 271 nömrəli və “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dəyişikliklər edilməsi barədə” 272 nömrəli qərarlarına və həmin qərarların icrası barədə təhsil nazirinin 548 və 549 nömrəli əmrlərinə əsasən, 2016-2017-ci tədris ilində Bakının bir sıra məktəblərində ödənişsiz (dövlət büdcəsinin vəsaiti hesabına) məktəbəhazırlıq qrupları təşkil ediləcək.

Hazırda BŞTİ tərəfindən məktəbəhazırlıq qruplarının fəaliyyəti üçün şəraitin öyrənilməsi məqsədilə monitorinqlər həyata keçirilir. Hazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəb şəbəkəsinin genişlənəcəyi gözlənilir.

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilir. Oktyabrın 1-dən mayın 31-dək həftədə 4 gün olmaqla fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq və vərdişlərin formalaşdırılmasıdır. Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında təcrübəli, bacarıqlı, intellektual və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti