...

Məktəblilər arasında ictimai davranış qaydaları təbliğ olunub (FOTO)

Cəmiyyət Materials 8 Noyabr 2016 13:52 (UTC +04:00)

Bakı. Trend:

Gənc ictimai fəal Samir Pənəliyev Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi "Etika və ictimai davranış mədəniyyətinin təbliği" adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində ilk tədbir bu gün Bakının Xətai rayonundakı Zığ qəsəbəsində Laçın rayonu 28 saylı tam orta məktəbdə baş tutub.

Layihənin rəhbəri S.Pənəliyev Azərbaycan gənclərinin cəmiyyətdəki rolundan danışıb. Qeyd edib ki, dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunan gənc nəsil hazırda cəmiyyətin avanqardına çevrilib. S.Pənəliyev bildirib ki, Azərbaycanda gənclərin potensialının üzə çıxması üçün hər cür şərait var.

Layihənin eksperti, Jurnalist Araşdırmalarının Mərkəzinin sədri Seymur Verdizadə gənclərin fərdi layihələrin icrasına marağının artmasını müsbət hal kimi qiymətləndirib. O deyib ki, yeniyetmə və gənclər arasında ictimai davranış qaydalarının təbliğ olunması zamanın tələbidir: "Cəmiyyət akvarium deyil. Yaşından, peşəsindən asılı olmayaraq, hər bir vətəndaş cəmiyyətin bir parçası olduğu üçün etik normalara və ictimai davranış qaydalarına əməl etməlidir. Yeniyetmə və gənclər cəmiyyətdə sağlam mövqe tutmaq istəyirlərsə, etik qaydalara riayət etməli, özlərinin mədəni səviyyələrini artırmağın qeydinə qalmalıdırlar".

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov məktəbliləri milli ideologiya ilə silahlanmağa, xalqımızın tarixini, ədəbiyyatını, incəsənətini dərindən öyrənməyə səsləyib. Laçın rayon 28 saylı tam orta məktəbin direktoru Nofəl İsmayılov gənc nəslin yetişməsində pedaqoji kollektivin üzərinə düşən vəzifələrdən danışıb. N.İsmayılov bildirib ki, etika və ictimai davranış mədəniyyəti Yeniyetmələrə hələ orta məktəb illərində aşılanmalıdır. Direktor rəhbərlik etdiyi kollektivin bu işin öhdəsindən uğurla gəldiyini vurğulayıb. Analoji layihələrin əhəmiyyətini yüksək qiymətləndirən N.İsmayılov vətəndaş cəmiyyət institutları və ictimai fəallarla əməkdaşlığı bundan sonra da davam etdirəcəklərini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti