...

Avropa Gimnastika İttifaqı: Azərbaycan daxili turnirləri də beynəlxalq səviyyədə təşkil edir

Cəmiyyət Materials 8 Noyabr 2016 21:32 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyası daxili turnirləri də beynəlxalq yarışlar səviyyəsində təşkil edir.
Avropa Gimnastika İttifaqı: Azərbaycan daxili turnirləri də beynəlxalq səviyyədə təşkil edir

Bakı. Maksim Tsurkov, Ənvər Məmmədov - Trend:

Azərbaycan Gimnastika Federasiyası daxili turnirləri də beynəlxalq yarışlar səviyyəsində təşkil edir.

Bunu Trend-ə Avropa Gimnastika İttifaqının (UEG) batut gimnastikası üzrə texniki komitəsinin rəhbəri Vladimir Zeman deyib.

O, batut gimnastikası üzrə yerli çempionatın təşkilatçılıq səviyyəsindən heyrətləndiyini bildirib: "Mən Avropa Oyunlarında da olmuşam. Mənə elə gəlir ki, təşkilatçılar, idmançılar və tamaşaçılar üçün eyni şəraiti yaratmağa çalışıblar. Mən idmançıların çıxışlarını izlədim və sevinirəm ki, ən gənc iştirakçılar Azərbaycanın ən yaxşı batutçuları ilə yanaşı çıxış edir. Əyləncəli proqram da çox maraqlı və canlıdır. Fikrimcə bu cür proqram ölkə batut gimnastikasının təbliğatı üçün çox vacibdir."

Texniki komitənin rəhbərinin sözlərinə görə, batut gimnastikası bütün dünyada olduğu kimi, Azərbaycanda da inkişaf edir. V.Zeman Azərbaycanda yüksək səviyyəli batut idmançılarının olduğunu deyib.

UEG-in qadın idman gimnastikası üzrə texniki komitəsinin rəhbəri İvett Brazye də Trend-ə müsahibəsində çempionatın təşkilinin möhtəşəm olduğunu deyib.

İ.Brazye bildirib: "Digər ölkələrdə bu cür yarışlar daha sadə keçir. Biz bilirik ki, Azərbaycan Gimnastika Federasiyası bütün yarışları çox gözəl təşkil edir."

UEG-in aerobika üzrə texniki komitəsinin rəhbəri Mariya Kristina Kazentini Azərbaycanın Avropa Oyunlarından sonra təşkilatçılıq baxımından inkişaf etdiyini deyib: "Yarışların ideal koordinasiyası, təşkili, infrastruktur - hər şey yüksək səviyyədədir. Mən Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığımı bildirmək istəyirəm. Onlar heyrətamiz işlər görür. Bu cür yarışlar təşkil etmək çox vacibdir."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti