...

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Daşkəsən məktəbliləri cənuba yola düşdülər

Cəmiyyət Materials 12 Noyabr 2016 17:35 (UTC +04:00)
Daşkəsən rayonunun məktəbliləri - IX-XI sinif şagirdləri və onları müşayiət edən qrup rəhbərləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Lənkəran-Astara-Masallı marşrutu üzrə yola düşüblər.
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Daşkəsən məktəbliləri cənuba yola düşdülər

Bakı. Trend:

Noyabrın 12-də Daşkəsən rayonunun məktəbliləri - IX-XI sinif şagirdləri və onları müşayiət edən qrup rəhbərləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Lənkəran-Astara-Masallı marşrutu üzrə yola düşüblər.

Trend-in məlumatına görə, Heydər Əliyev meydanında təşkil olunan təntənəli yolasalma mərasimində rayon rəhbərliyi, təhsil işçiləri, valideynlər, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, qrupa daxil olan şagirdlərə 4 gün ərzində gedəcəkləri rayonlardakı tarixi yerlər, Heydər Əliyev mərkəzləri və tarix-diyarşünaslıq muzeyləri barədə hərtərəfli məlumat veriləcək. Bu da şagirdlərə vətənimizin dilbər guşələri haqqında daha geniş məlumat toplamağa imkan yaradacaq.

Tədbirdə çıxış edənlər yaradılan bu şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirərək qeyd ediblər ki, dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən tur-aksiya çərçivəsində şagirdlər ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini, uğurlarını dərindən öyrənmək imkanı qazanacaqlar. Qədim tarixi abidələr, rayonların keçmiş və müasir simasını əks etdirən tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və digər mədəni mərkəzlərlə tanışlıq məktəblilərin dünyagörüşündə silinməz izlər buraxacaq.

Ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzən tur-aksiya iştirakçıları Lənkəran-Astara-Masallı marşrutu üzrə yola düşüblər.

Həmin gün Gəncə, Gədəbəy, Samux, Kəlbəcər və Xocalı məktəbliləri də eyni marşrut üzrə ekskursiyaya yollanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti