...

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Qəbələdə ağacəkmə aksiyası keçirilib

Cəmiyyət Materials 12 Noyabr 2016 19:06 (UTC +04:00)
“Ölkəmizi tanıyaq” devizi ilə Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Sabirabad, Saatlı, Zərdab, Biləsuvar, Cəbrayıl, Hacıqabul, Kürdəmir və Ucar məktəblilərindən ibarət 8 qrupun üzvləri noyabrın 12-də Qəbələ rayonuna gəliblər
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Qəbələdə ağacəkmə aksiyası keçirilib

Bakı. Trend:

“Ölkəmizi tanıyaq” devizi ilə Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Sabirabad, Saatlı, Zərdab, Biləsuvar, Cəbrayıl, Hacıqabul, Kürdəmir və Ucar məktəblilərindən ibarət 8 qrupun üzvləri noyabrın 12-də Qəbələ rayonuna gəliblər.

Trend-in məlumatına görə, şagirdləri Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri qarşılayıblar.

Məktəblilər Qəbələdəki “Qafqaz Karvansaray” və “Qafqaz Yeddi Gözəl” otellərində yerləşdiriliblər.

Sonra 320 şagirdin və onlara rəhbərlik edən müəllimlərin iştirakı ilə Qəbələ şəhərində “Hərəmiz bir ağac əkək” devizi altında ağacəkmə aksiyası keçirilib. İDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən yaşıllaşdırma aksiyası zamanı məktəblilər 400-dən çox küknar, ağcaqayın və palıd ağacı əkiblər.

Şagirdlər musiqili-əyləncəli tədbirlərə qatılıb, onlara Qəbələnin tarixi, adət-ənənələri, coğrafiyası, turizm obyektləri, tarixi-mədəni abidələri haqqında məlumat verilib, sualları cavablandırılıb. Tur-aksiya iştirakçıları intellektual oyunlarda, müxtəlif viktorinalarda fəallıq göstərib, mənalı istirahət ediblər.

Qəbələyə səfər edən şagirdlər Nohur gölü ilə tanışlıqdan da böyük zövq alıblar. Onlar burada xatirə şəkilləri çəkdiriblər. Məlumat verilib ki, dəniz səviyyəsindən 700 metr hündürlükdə yerləşən Nohur gölünün ətrafı sıx meşələr və dağlarla əhatə olunub. Uzunluğu 1925 metr, eni 1355 metr, sahəsi 240 hektar olan gölün dərinliyi 24 metr, suyunun həcmi isə 16 milyon kubmetrdir. Nohur gölünə Dəmiraparan və Vəndam çaylarının suyu axır.

Daha sonra məktəblilər arasında futbol və voleybol yarışları keçirilib.

Aksiya iştirakçıları “Yeddi gözəl” şəlaləsinə səfər edib, Yengicə kəndindəki “Zoopark”la da tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti